Qırmızı rəngli "07" markalı köhnə avtomobili ilə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan Sərvər Bəşirli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Sərvər bəy, bu gün MTV-də "Ümid ilə gəl" verilişinin aparıcısı prodüser Tarix (Tolik) Əliyev sizə Rusiyada yaşayan Bəxtiyar adlı iş adamı tərəfindən avtomobil hədiyyə ediləcəyini açıqlayıb. Bu haqda nə deyə bilərsiniz?
- Xeyr, doğru məlumat deyil. Hələ ki rəsmi heç nə yoxdur. Həmin iş adamı ilə danışmamışam. Bu haqda deyilib. Avtomobil hədiyyə ediləndə məlumat verəcəyik. Bizim məqsədimiz dəstəkdir, avtomobil almaq yox.
- Sizin yardımınız Türkiyə-Azərbaycan simvoluna çevrildi.
- Qardaş ölkəyə dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur, biz də bunu özümüzə borc bildik. Hər zaman Türkiyənin yanında olmağa hazırıq. Əlimizdən gələni edirik.
- Sosial şəbəkələrdə sizin yardım etdiyiniz avtomobilin fotosu yayılan zaman hansı hissləri keçirdiniz?
- Təbii ki, sevindik. Nə xoş bizə...
- Avtomobildə döşəkləri gördük. Kömək üçün başqa nələr göndərmisiniz?
- Türk qardaşlarımız üçün yorğan-döşək, yastıq, paltar və sair gətirmişdik. Əmi oğlu, dayı oğlu, nənəm Azər xanım və digər qohumlarımız da dəstəyə qoşulublar. Bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksindən gəlirik, oraya ərzaq da aparmışdıq.
- Artıq insanlar tərəfindən tanınırsınız...
- Bəli, insanlar məni tanıyırlar. Hətta Türkiyədən də zənglər gəlir.