11 Fevral 2023 11:38
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəlzələlərdən sonra Türkiyəyə göndərmək üçün köhnə avtomobilinə yüklədiyi əşyalarla fotosu çəkilən azərbaycanlı Sərvər Bəşirli xilasetmə işlərində iştirak etmək üçün Türkiyəyə göndəriləcək.

Teleqraf.com xəbər verir ki, Sərvər Bəşirli Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) rəsmiləri ilə görüşüb.

TÜİB sədri Hüseyn Büyükfırat Bəşirlinin hərəkətlərini bütün Azərbaycan xalqının davranışı kimi xarakterizə edib.

Hüseyn Büyükfırat Sərvər Bəşirli ilə görüşdə qeyd edib ki, səmimi hərəkətiniz bütün Azərbaycanın simvoluna çevrilib: “Zəlzələdən sonra Azərbaycan xalqı tam səfərbər oldu. Yeddidən-yetmişə Azərbaycan xalqının ürəyi Türkiyə ilə döyünür”.

TÜİB sədri Azərbaycandan göndərilən yardımların bölüşdürülməsi üçün Adıyamanda mərkəz quracaqlarını vurğulayıb: “Bir-iki günə Sərvər qardaşımızı zabit olaraq zəlzələ bölgəsinə göndərəcəyik”.

TÜİB-in vitse-prezidenti Avni Demirci isə Sərvər Bəşirlinin Türkiyəyə yardım etmək üçün səy göstərənlərdən biri olduğunu deyib: “Azərbaycan və Türkiyə arasındakı bağın şou üçün deyil, ürəkdən edildiyinin ən gözəl nümunəsini Sərvər qardaşımız göstərdi”.


Müəllif: Yeganə Oqtayqızı