20 Fevral 2023 17:07
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını şair İlham Qəhrəman cavablayıb.

Onunla müsahibəni təqdim edirik.

- Siz bu şənbə-bazar Cənubi Azərbaycanın Xoy şəhərində baş vermiş zəlzələdən ziyan çəkənlərə yardım məqsədi ilə aksiya keçirdiniz. Zəhmət olmasa, aksiya barədə məlumat verin. İdeya necə yarandı, aksiya harada keçirildi, nə qədər vəsait toplandı?

- Cənubi Azərbaycanın Xoy bölgəsində olan zəlzələdən sonra həm Azərbaycan, həm qardaş Türkiyənin, həm də İsrail dövlət başçıları zərərçəkənlərə yardım etmək istədi. Lakin İran rəhbərliyi hər üç dövlətin bu təklifindən rəsmən imtina etdi.

Yaşlı, uşaq, xəstə azərbaycanlı ailələrin qar üstündə yay çadırı qurub küçələrdə gecələməsi mənə çox yer edirdi. Axı onlar bizim irqimizdir, qardaş-bacılarımızdır... Aradan bir neçə gün keçəndən sonra çox təəssüf ki, Türkiyədə miqyasına görə çox böyük zəlzələ oldu. Təbii ki, bizim bu qardaş-bacılarımıza da ürəyimiz yandı. Türkiyədəki zəlzələ Xoydakı zəlzələni kölgədə qoydu. Bu da bir insan kimi qəlbimi ağrıtdı.

Fikirləşdim ki, imkanım, pulum olmasa da, kitablarım və Azərbaycan xalqı var. Bu kitabları satışa çıxarmaqla xeyriyyə aksiyası keçirə biləcəyimi düşündüm. Camaat həm kitab alar, bu kitablara ödənilən pul da ianəyə yönəldiyinə görə həm də savab qazanarlar.

Bakıda Zabrat qəsəbəsində məşhur bir marketin administratoru ilə danışıb fevralın 18-19-da məlum məqsədlə aksiya keçirmək istədiyimi dedim. Sağ olsunlar, həmin market rəhbərliyi dəstək verdi, girişdə mənə yer ayırdılar. Xüsusi bir banner hazırlatdım, kitabı alıcılarına və ianə edənlərə ağız şirinliyi üçün konfet də aldım.

Aksiya başlayana qədər bəzi şəxslər yazıb kartımı paylaşmağı xahiş etdilər. Buna qarşı olsam da, hamının aksiyada iştirak edə bilmədiyini əsas gətirənləri nəzərə alıb bir neçə nəfərə kartımın şəklini göndərdim. Aksiya başlayana qədər artıq kartımda 460 manat yığılmışdı.

Doğrusu, bir az utana-utana belə bir aksiya keçirəcəyimə dair məlumatı feysbuk sosial şəbəkəsində də paylaşdım. Orada şerimdən belə misra yazdım, “Yandım deyənin hayına yüyürəndə lalı unutmazlar”. Yəni dünyanın dörd bir yanından Türkiyəyə yardımlar olunur, bütün yollar açıqdır. Bu, bizim üçün bir qədər toxtaqlıq yaradır ki, qardaşlarımız dar gündə olsalar da, dünya onların yanındadır.

Amma Xoyda zəlzələdən əziyyət çəkənlərin heç bir yerə çıxışı yoxdur. Rejim onları elə vəziyyətə salıb ki, əl çatmır, yardım getmir. Eşitdiyimə görə, Kanadada yaşayan soydaşlarımız çox çətinliklə də olsa, onlara yardım göndəriblər.

Aksiyaya beş adda kitabla start verdim. Burada müəllifi olduğum “Aşıq Alı. Nə qaldı”, 14 ilə topladığım “Sarı Aşağın kül dəftəri”, 6 ilə topladığım “Laçın lətifələri”, “Sevgi durna çırağıdır” və yaxınlarda çap olunan “Bir adamlıq şəhər” şerlər kitabını satışa qoyduq.

Nağd və köçürmə yolu ilə həmin marketdə 850 manat pul yığılmışdı. Sonra bir kəndçim 100 manat, daha sonra bir şair dostumuz 50 manat ianə etdi. Ümumilikdə aksiyada 1000 manat yığıldı. Bilirəm ki, bu məbləğ Arazın o tayında böyük puldur. Təbrizdə ən azından bir avtobus qida almaq olar.

Açığı, aksiyaya başlayanda bu qədər vəsaitin toplanacağına ümidli deyildim. Nəzərdə tutmuşdum ki, 200-300 manat toplansa belə, ən azı 5-10 uşağın qarnı isti yeməklə doyacaq və mən bundan peşman olmayacağam. Allaha şükür, 1000 manat var, gedirəm onu göndərməyə. Amma necə göndərməyimi deməyə bir az çəkinirəm.

- Niyə?

- Problem olar. Bakıda bir təbrizli qardaşımız var, pulları ona verəcəyəm. O da İrandakı adama zəng vurub hesabındakı məbləği götürüb xoylulara yardım məqsədilə xərclənməsini deyəcək. Həmin şəxs gündə Xoya gedib-gələn adamdır. Pullar Təbrizdə Azərbaycan manatının hazırkı kursuna uyğun götürəcək.

- Maddi vəsait toplanan aksiyanın, fəaliyyətin əsas məqsədlərindən biri də həmin pulun məhz təyinatı üzrə xərclənməsi və ünvanına çatdırılmasıdır. Bu problemin necə həll olunacağı maraqlıdır.

- O adamın adı Rəsul İsmayılyandır. Soyadın deyən kimi, buradakı adamlar deyir ki, ermənidir. Başa salıram ki, erməni ilə farsın soyadı eynidir. Bizdə “ov”, “yev” olan kimi, onlarda da “yan” var, fars soyadıdır.

Rəsul İsmayılyan çox etibarlı, mərifətli, millətini sevən və akademik biliyə malik şairdir. Artıq o paylaşımlar edir ki, İlham Qəhrəman Xoyda zəlzələdən zərərçəkənlərə öz kitablarının satışından 1000 manat ianə toplayıb. O həmin məbləği nəyə xərcləsə, videosuna qədər çəkilişini bizə göndərəcək. Bu yaşımda camaatın qarşısında özümü pis vəziyyətə sala bilmərəm axı...

- Bu günlərdə dünyanın ən şiddətli zəlzələsinin baş verdiyi Türkiyə zəlzələsi daha çox diqqətdədir. Siz nədən məhz Xoy zəlzələsinə yardımı üstün tutdunuz?

- Kampaniyanı başladanda şəxsiyə yazanlar çox oldu. Bir qadın yazdı ki, həyat yoldaşı ölüb, tək uşaqla ac qalıb və ona yardım etməyimi dedi. Digəri yazdı ki, Lerikin ucqar dağ kəndindədir. Yığılan yardımı İrana yox, onlara göndərim. Belə nümunələr çox oldu.

Türkiyə bizim qardaşımızdır. 44 günlük Vətən Müharibəsində bizə mənəvi dəstək oldular. Zəfərimizin elan olunmasında onların mənəvi dəstəyinin müstəsna əhəmiyyəti oldu. Bunları bilməyən yoxdur. Türkiyəyə dünyanın hər yerindən kömək olunur, amma Xoydakı vətəndaşlarımız vəhşi bir rejimin əlindədir, onlara heç bir yardım göstərilmir. Göndərilən yardımları da hər vəchlə qarsısın almağa çalışırlar. Elə bilək ki, Türkiyədəki zəlzələnin balaca bir kəndi də Xoydur. Bəs onlara yardım etmək lazım deyil?

Cənubi Azərbaycandakı zəlzələyə kömək etməyim bəzilərinin ürəyincə deyil. Düşünülür ki, rejim əleyhimizədir, bizə düşmənimdir. Dövlət bizi sevməsə də, Arazın o tayındakılar düşmənimiz deyil, qardaşlarımızdır, bizi sevirlər. Məktəbləri, televiziyaları, qəzetləri belə yoxdur. Dəstək olaq ki, onlar unudlumadıqlarını görsünlər.

- Aksiyanı niyə şəhər mərkəzində keçirmədiniz?

- Əhalinin giriş-çıxışının çox olduğu yer axtarırdım. Qış günüdür, səhhətimdə də narahatlıq var, küçədə çox durmaq olmur. Həmin qəsəbə bizə yaxındır və insanların çox gəlib-getdiyi yerdir.

Amma əgər bu aksiyanın şəhərin mərkəzində və ya başqa mərkəzdə etmək üçün köməklik edən olsaydı, məmnuniyyətlə gələrdim.

- Analoji aksiyanı Qəhrəmanmaraş zəlzələsi üçün də keçirməyi düşünmürüsünüz ki?

- Etdiyim bu balaca aksiyada vəsaitlərin əksəriyyəti karta köçürüldü. Bu gün kitab alan azdır. Çoxu pulu verirdi, amma kitabı götürmürdü. Bir sözlə, kitaba maraq yoxdur. Tutaq ki, eyni aksiyanı keçirirəm və oraya 1000 manat yığılır. Sizcə, 1000 manat Türkiyə üçün böyük məbləğdir? Amma bu vəsait Xoydakı uşaqlar üçün böyük puldur.

Təbii ki, media dəstəyi olsa, bu aksiyanı davam etdirmək olar.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər