Azərbaycan və Ermənistan son bir neçə ay ərzində danışıqlarda önəmli irəliləyiş əldə ediblər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays iki ölkə liderlərinin Münxendəki son görüşü ilə bağlı danışarkən deyib.
“Bu, tərəflərin fəaliyyətlərinin nəticəsidir. Bu, Birləşmiş Ştatlarla ikitərəfli və üçtərəfli əməkdaşlığın, Avropa İttifaqının diplomatik səylərinin nəticəsidir. Tərəflərin yaxın günlərdə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Mişelin ev sahibliyi edəcəyi görüşdə aparacağı danışıqlarda görmək istədiyimiz şeyləri görəcəyimizə ümid edirik”, - ABŞ rəsmisi bildirib.
Prays irəliləyişin davam edəcəyinə ümidlərini də dilə gətirib:
“Buna görə də ümid edirik ki, bu irəliləyiş davam edəcək. Həddən artıq optimist deyilik, amma hərtərəfli həllə nail olmaq üçün bu dialoqu, bu diplomatiyanı hər cür dəstəkləməyə davam edirik”.