“Bəşəriyyət tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin bariz təzahürlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu bəşəri cinayət barədə deyib: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. XX əsrin sonunda törədilmiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, əslində, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.”
Teleqraf.com xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Deputat qeyd edib ki, Xocalı faciəsinə siyasi qiyməti ilk dəfə Heydər Əliyev verib: “O, bu cinayətin əsil mahiyyətini açaraq deyib: “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Ümummilli liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncama əsasən, hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 1992-ci il fevralın 26-da Xocalıda qalan 3 minə yaxın insandan 613 nəfəri, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə ödürüldü, 1000 nəfər insan aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-nin taleyi indi də məlum deyil.”
K.Qafarov Azərbaycanın 2020-ci il Vətən müharibəsində əldə etdiyi qələbəsilə bütün Cənubi Qafqaz xalqalrını erməni faşizminin fitnələrindən qurtardığını vurğulayaraq deyib: “Erməni separatistlərinin bütün dünyada olan havadarları tərəfindən yaradılmış və uzun illər boyunca davam edən cəzasızlıq mühiti bu qəsbkarları yeni təxribatlara sövq edirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Azərbaycan bu təxribatlara birdəfəlik son qoymaq və öz torpaqlarını işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək, cəmi 44 gün davam edən döyüşlərdə düşmənin 5 ilə işğal etdiyi və 30 ilə yaxın müddət ərzində möhkəmləndiyi torpaqlarımızı geri qaytardı. İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Bu qələbə ilə şanlı ordumuz həm də Xocalı qətliamının günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.”
Xocalı qətliamının dünyanın bir çox ölkələrində tanınmasını qeyd edən Kamaləddin Qafarov bu sahədə Ölkə Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olduğunu vurğulamışdır: “Xocalı qətliamı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması üçün reallaşdırılan tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hücum diplomatiyasının və tarixi siyasətin nəticəsidir. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Dünyada Xocalı faciəsi qurbanlarının xatirəsi anılan ölkələrin sayı ilbəil artır.”
Deputat “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini və effektivliyini vurğulayaraq deyib: “Məlum olduğu kimi, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Bu gün həmin kampaniya bir çox ölkələrdə yüksək səmərəliliklə davam edir. Bütün dünyada yüz minlərlə insan və 115 təşkilat kampaniyanı dəstəkləyir. Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan “Justice for Khojaly” informasiya portalı təbliğat və maarifləndirmə işlərində böyük fəallıq göstərir. Ermənilərin Xocalıda və ümumilikdə 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları bütün ərazilərimizdə törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq, bu gün hər birimizin təkcə öz xalqımız qarşısında deyil, həm də bütün bəşəriyyət qarşısındaolan borcudur”.