Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev Teleqraf.com-un suallarını cavablayıb.
Onunla müsahibəni təqdim edirik:
- Etibar müəllim, ilahiyyatçı Hacı Şahinin ölümünə böyük ehtiram göstərildi. Baxmayaraq ki, vəfatından beş gün keçir, hələ də insanlar Hacının məzarı üstündə keşik çəkirlər. Bunun təhlükəsi, narahatlıq doğuran məqamları varmı?
- Bunun təhlükəli məqamları ola bilməz. Çünki Azərbaycanda asayiş yüksək səviyyədə qorunur. Əgər bu spontan şəkilində insanların axınıdırsa, onlar özlərinə sual verməlidir ki, din bu cür ritualı qəbul edir, ya yox... Dində gecələr qəbir üstündə keşik çəkmək, toplaşmaq, ağlaşmaq varmı? Bunun dinlə bağlı olub-olmadığını ora gedən şəxslər özləri dərk etməlidirlər.
Azərbaycanın tanınmış alimləri, mütəfəkkirləri dünyasını dəyişəndə çox sakit şəkildə vida mərasimi keçirilir. Məsələn, 2021-ci ilin 7 dekabrında böyük tarixçi, etnoqraf alim Aydın Balayevi itirdik. Çox sakit ölüm idi. Bu nəhənglikdə alimə heç vida mərasimi də təşkil olunmadı. Onun vəfatı ilə bağlı cəmi 2-3 yazıya rast gəldik. Bu ondan irəli gəlir ki, televiziyalar və internet resursları həddindən artıq dinin təbliğatı ilə məşğuldurlar.
Alimin, incəsənət xadimlərinin təbliğatı ilə, onların cəmiyyətlə bağlılıqlarını aşılamırlar. Sanki alimlərə, yazıçılara, sənətkarlara televiziyalarda qadağa qoyulub. Bunu dini təbliğatın güclənməsi ilə bağlamaq olar.
Dünyagörüşün 3 forması var: elmi, dini və fəlsəfi. Dini “dünyagörüş” hər ikisini üstələyir. Fəlsəfə elmini çoxdan dəfn etdiyimizdən fəlsəfi dünyagörüşdən danışmaq ümumiyyətlə, absurddur. Fəlsəfi və elmi dünyagörüşünün cəmiyyətdə nüfuzu həddindən artıq çox aşağı səviyyədədir.
- Sizcə, Hacı Şahinin, bir din adamının ölümü ətrafında niyə belə kütləvilik yarandı? Bunun səbəbini nə ilə izah edərsiniz?
- Dinin özünün də bir fəlsəfəsi var. Müqəddəs kitabımız Qurani-Kərimin cəmiyyətdə əxz olunması məsələsində ciddi problemlər var. Bu da bir ilahiyyatçının dəfni məsələsində özünü göstərdi. Bunun hər hansı bir mənfi fəsadını gözləmirəm. Düşünürəm ki, mütəşəkkil şəkildə bu cür toplantılar mexaniki xarakter daşıyır. Bu, bir müddət sonra keçici olacaq.
Televiziyalar bu izdihamlı dəfnlə bağlı verilişlər yayımladılar. Halbuki dünyasını dəyişən görkəmli aliminin çalışdığı AMEA-da heç vida mərasimi keçirilmədi. Doğrudur, televiziyaların ictimai rəyə təsiri zəifdir, amma dövlət televiziyalarında vida mərasimin birbaşa yayımı bu məsələlərə təkan verdi.
Biz sirkulyar dövlət olaraq gənclərin daha çox rasional düşüncənin, elmlə və fəlsəfə ilə məşğul olmaqlarının tərəfdarıyıq.
- Niyə alimlərə hörmət aşağıdır? Təkcə cəmiyyətin günahı var?
- Alimlərin elmi işləri, televiziyalara çıxışı, bir sözlə, təbliğatları çox aşağı səviyyədədir. Eyni zamanda onların ictimai rəyə təsiri də lazımi səviyyədə deyil. Bunların böyük təsirləri var. Əlbəttə, burada cəmiyyət və eyni zamanda dövlətin özü qarşılıqlı məsuliyyət daşımalıdırlar.
Digər tərəfdən, bu gün ölkədə dini siyasəti həyata keçirən iki qurum var – Qafqaz Müsəlmanları İdarəsi və Dini İşlər üzrə Dövlət Komitəsi. Düşünürəm ki, hər iki qurumun sistemli şəkildə prosesləri tənzimləmələri istiqamətində çox ciddi qüsurlar var. Bu da öz təzahürünü göstərir. Bu hadisə onu göstərdi ki, adını çəkdiyim hər iki qurum sistemli iş aparmır.
- Bəs Azərbaycan məktəblərində dini dərslər lazımdır?
- Hesab edirəm ki, dinin tədrisi və təbliği çox həssas məsələdir. Bu istiqamətdə işlər qaydasında getmir. Azərbaycanda orta məktəblərdə dini tədris həyata keçirilmir. Ölkədə bir İlahiyyat Universiteti fəaliyyət göstərir. Türkiyədə dindarların islamın fəlsəfəsi barədə mütəmadi çıxışlarına nəzər salsaq görərik ki, onlar nə qədər mütəşəkkil insanlardır. Bu təbliğat maşınları yaxşı işlədikdə cəmiyyətin dinə münasibəti rasional olur.
Bu gün müğənnilər din adamlarından, alimlərdən, sənətkarlardan, şairlərdən daha çox təbliğ olunur. Bu mənada bu məsələlər insanların şüuruna nüfuz edə bilir.
Bütün hallarda Hacı Şahini mütərəqqi ilahiyyatçı kimi qəbul edirəm. Ancaq ifrat dərəcədə bu cür tədbirlərin keçirilməsinin tərəfdarı deyiləm.
Hər bir halda ali və orta məktəblərdə təlim-tərbiyə işləri çox güclü formada aparılmalıdır. Bir çox ölkələrdə fəlsəfə elmi orta məktəblərdən tədris olunur. Ancaq ölkəmizdə ali məktəblərdə fəlsəfə elmini yığışdırıblar. Cəmiyyətdəki bu cür irrasionallıq müxtəlif qruplar tərəfindən gücləndirilir. Bəlkə də bunun böyük bir hissəsi məqsədli şəkildə həyata keçirilir. Bəlkə də burada müəyyən niyyətlər daşıyan qonşu institutun qüvvələri də işləyir. Hər bir halda oyaq olmalıyıq. Gənclərin dinə yanaşması rasional xarakter daşımalıdır.
- Gənclər arasında dinə olan meyl, elmə olana maraqları üstələyir. Sizcə, niyə belədir?
- Pedaqogikada, fəlsəfədə böyük filosoflar dinə fərqli yanaşma tərzləri ilə seçilirlər. Pakistan fiziki, Nobel mükafatı laureatı Abdul Salam deyir ki, Quranın üçdə iki surəsi sırf elmlə bağlıdır. Gənclərə dinin rasional tərəfini izah etmək lazımdır. Bu onu göstərir ki, ali və orta məktəblərdə tərbiyə işlərində müəyyən çatlar var. Adını çəkdiyim elmlər vasitəsilə həmin boşluqları aradan qaldırmaq olar. Burada alimlər, müəllimlər, incəsənət adamları, yazıçılar yaxalarını kənara çəkməməlidirlər.