9 Mart 2023 17:58
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər Kür çayının suyunun çəkilməsi ölkə ictimaiyyətində narahatlıq yaradıb. Yenicə çəkilmiş fotolardan çayın tamamilə quruduğunu görmək olur. Ölkədə şirin su qaynaqlarının ciddi şəkildə azalması, suvarma üçün yararlı olan su mənbələrinin quruması aktual müzakirə olunan məsələyə çevrilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, professor Əmir Əliyev Teleqraf.com-a bildirib ki, şirin su ehtiyatlarının tükənməsi qlobal problemə çevrilib.

O qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatına malik ölkədir: “Azərbaycanın su ehtiyatı toplam 31 kub kilometrdir. Ölkəmizdəki çayların böyük əksəriyyəti tranzit çaylar olduğu üçün ehtiyatların təxminən 80 faizdən çoxu kənar dövlətlər hesabına formalaşır.

Ən böyük çayımız olan Kür başlanğıcını Türkiyədən götürür və gəlib Mingəçevirə tökülür. Son illərdə xüsusilə atmosferdə gedən qlobal istiləşmələr və digər proseslər bu ərazilərdə yağıntıların miqdarını azaldıb. Ona görə də Kür çayının suyu azalıb. Əvvəllər su o qədər çox olurdu ki, Mingəçevirdən anbarın açırdılar, Salyan rayonunu su basırdı. İndi su o qədər azdır ki, Mingəçevir Su Elektrik Stansiyası işləyə bilməsi üçün hətta anbarı doldururlar.

Azərbaycanın içməli su ehtiyatı azalır. Son vaxtlar Samur çayının suyu iki dəfə azalıb. Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülürdü. Su o qədər azalıb ki, artıq anbarlara su yığılmır. Əlbəttə, bütün bunların hamısı qıtlıq yaradacaq. Gərək sudan səmərəli istifadə edilə”.

Professor Azərbaycanda su ehtiyatlarının mövcudluğuna da toxunub: “Xəzər dənizinin suyunu duzsuzlaşdırmaq mümkündür. Xəzərin suyu okean suyuna nisbətən çox şirindir. Belə ki, Xəzərin hər 1 litrində 12 qram, dünya okeanlarında suyun hər litrində 40 qram duz var. Ona görə Xəzrin suyunu az enerji sərf edərək daha asan duzsuzlaşdırmaq olunur.

Xəzərin şərq sahilində - Qazaxıstanda 60-cı illərdən başlayaraq atomla işləyən duzsuzlaşdırma stansiyası işləyir. Həmin sudan həm içməli su kimi, həm də texniki məqsədlər üçün istifadə olunur. Azərbaycanda isə Qəbələdən və digər rayonlardan paytaxta su çəkirlər. Amma Bakıda avtoyuma məntəqələrində, kanalizasiya sistemində bu sudan istifadə olunur. Halbuki Xəzərdə bir stansiya tikilsəydi, bu və ya digər məqsədlər üçün dəniz suyundan istifadə olunardı”.

Əmir Əliyevin sözlərinə görə, dünyada gedən su qıtlığı prosesi Azərbaycandan yan keçməyəcək: “Əbəs yerə deyilmir ki, Üçüncü Dünya Müharibəsi suyun üstündə baş verəcək. Azərbaycanda su ehtiyatı azdır. Təklif edərdim ki, kənd təsərrüfatında müasir suvarma sistemlərinə keçilsin. Damcı ilə suvarma sistemləri geniş tətbiq olunmalıdır. Suyu qənaətlə işlədən müasir texnologiyaların ölkəmizdə istifadəsi genişlənməlidir. İsraildə heç su yoxdur, amma orada nə qədər yaşıllıq var. Bu kimi ölkələrin təcrübəsindən yararlanmaq və əlavə su enerji mənbələri tapmaq lazımdır.

Son 20 ildə Azərbaycanda antisiklonlar üstünlük təşkil edir. Yəni günəşli hava hökm sürür, deməli, yağıntı azdır. Bu proses hər yerdə gedir. Kür çayının suyu, Xəzər dənizinin və eləcə də Volqa çayının səviyyəsi kəskin azalıb. Bu qış düşən yağıntının nəticəsi ola bilsin ki, özünü bir qədər göstərsin. Təxminən may, iyun aylarında Kürdə suyun bir az artmasını ehtimal etmək olar. Amma ümumi tendensiya suyun azalmağa doğru getdiyi yönündədir.

Qışda düşən yağıntı su kimi Kür çayına gəlib çıxmayıb. Əsas göstərici düşən yağıntının miqdarındadır. Volqa çayının hövzəsinə düşən yağıntının miqdarı da azalıb. Ölkəmizin ərazisinə Qafqazın şərq yamacından tökülən xırda çayların suyu o qədər azalıb ki, gedib dənizə çatmır. Bu suyun qarşısını alıb Şabranda Taxtakörpü su anbarı tikdilər ki, yığılan suyu Bakıya versinlər. Deyilənə görə, orada su 50 milyon kubmetrdən çox azalıb. Bu, Azərbaycan üçün problemdir.

İqlimdə dəyişmələr olur. Elə yüzilliklər olur ki, yağışlı illərin sayı çoxalır, bəzən də quraq illər çox olur. Ümumiyyətlə, əvvəlki illərlə müqayisədə suyu çox israfçılıqla istifadə edirlər, amma buna yol vermək olmaz. İndi əhalinin sayı artıb. Təxminən iki min əvvəl Yer üzərində cəmi 250 milyon əhali olub, indi bu say 8 milyarddır. Yəni əhali sayında 40 dəfəyə qədər artım var, tələbat bundan da çoxdur.

1800-cü illərdə bir vedrə su bir nəfərin yuyunmağına bəs edirdi. Amma indi bir nəfərin yuyunmağı üçün 300 litr su lazımdır. Ona görə də Xəzər dənizinin suyunu duzsuzlaşdırıb qənaətlən istifadə etmək lazımdır”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Yeganə Oqtayqızı