Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:
“Əziz həmvətənlər, Novruz bayramı münasibətilə sizi təbrik edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı, səadət, bayram ovqatlı sevinc arzu edirik!
Bayram günlərində xalqımızın bir-birinin evinə qonaq gedib təbrik etməsi kimi gözəl adətinin olduğunu nəzərə alıb, bəzi tövsiyələrimizi unutmamağınızı xahiş edirik.
Bütün hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə yollarda diqqətli olmağı, yol hərəkəti qaydalarına əməl etməyi, yola çıxmazdan əvvəl avtomobillərinizin sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilmiş təhlükəsiz yerlərdən keçməyi xahiş edirik. Bayram günlərinin yüksək əhvali-ruhiyyədə keçməsi üçün təhlükəsizliyinizə bigənə olmayın!"