Ermənilər Naxçıvanda əlverişsiz hava şəraitində azaraq itkin düşən hərbçilərimizlə bağlı absurd iddialarına daha birini əlavə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Ermənilərin fantastik iddialarını bir qədər də irəli aparan erməni nəşri bildirir:
“Dünən səhər öyrəndik ki, azərbaycanlılar Sisyanın Benunis kəndinə daxil olaraq, Qasparyanların qapısını döyüblər. Sisyan polisi xəbəri təsdiqləsə də, digər suallarla bağlı susur. Məsələn, onların sərhədçilərimizdən necə yan keçdikləri, ümumiyyətlə, orada sərhədçilərin olub-olmaması bəlli deyil.
Hərbi geyimli üç azərbaycanlı olub. Qapını Şoqik xanım açıb və şübhələnərək polisə xəbər verib. Bizə dedi ki, qorxub, amma ona heç nə deməsələr də, hər şey ona aydın olub.
Bundan sonra digər yaşayış məntəqəsində - Aşotavanda hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlılardan birini tutaraq Sisyan polis bölməsinə aparıblar, digər ikisi isə qaçıb. Azərbaycanlı Aşotavanda da bir neçə evə baş çəkib, sakinlərlə söhbət edib. Üç gündür Ermənistanda olduğunu və meşələrdə gizləndiyini deyib.
“İkisinin qaçması doğrudurmu” sualına Sisyan polis idarəsi belə cavab veridi: “Kim deyir ki, üçdür, bəlkə də altı olublar, təfərrüat verə bilmərik”.
Maraqlıdır ki, azərbaycanlıların Benunisdə getdikləri 44 günlük müharibədə həyatını itirən Qor Qasparyanın evində cəmi bir ay əvvəl baş nazirin həyat yoldaşı Anna Akopyan qızı ilə qonaq olub”.
Ermənilər iki gündür baş verənlər haqda ən fantastik fərziyələr irəli sürürlər. Onların iddialarına görə, qılıq dəyişdirən “kəşfiyyatçılar” günlərlə kəndləri dolaşaraq ermənilərlə yeyib-içib, kart oynayıb, evlərdə qonaq olublar. Hərbçilərimizlə bağlı iddiaları elə ermənilərin özlərini qorxudub, ölkənin ictimai-siyasi çevrələrində qızğın müzakirələrə səbəb olub.
Aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanın Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən ordumuzun üç yox, iki hərbi qulluqçusunun ərazidə istiqaməti itirərək azdığı haqda məlumat yayıb. Bildirilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.