Azərbaycanla sərhəddə silahlı qüvvələrin sərhəd qoşunları ilə əvəzlənməsi yekun həllin tərkib hissəsi olmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT sədri Buyar Osmani ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bütün ölkələrdə sərhədin mühafizəsi funksiyaları sərhədçilərə həvalə olunub və ordu ilə sərhəd qoşunlarının hazırlığı, hətta təchizatı arasında çoxlu fərqlər var.
Mirzoyanın sözlərinə görə, sərhəd mühafizəsinin sərhədçilərə təhvil verilməsi yeni münaqişələrin, o cümlədən sızma ehtimalını xeyli azaldacaq.
“Bu, yeni fikir deyil. Bunu əvvəllər də təklif etmişik və indi qoşunların çıxarılması müzakirə olunur. Bu sirri açacam. Bu, ən azı bizim tərəfimizdən sülh müqaviləsi layihəsinin bir hissəsidir. Həmin mexanizmin tətbiqinə önəm veririk. Sərhədin bəzi yerlərində belə mexanizm var. Təcrübə göstərir ki, bu ərazilərdə toqquşma ehtimalı daha azdır”, - Mirzoyan bildirib.