Elm və təhsil naziri Emin Əmrullayev iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışında bildirib ki, Azərbaycanda fənlərin 70-80 ildir dəyişmir, məktəbin məzmunu mütləq dəyişməlidir.
O qeyd edib ki, fənlər məktəb proqramına salınanda nə dayanıqlı inkişaf, nə davamlı inkişaf prioritetləri, nə də iqlim dəyişiklikləri sözləri hələ məktəbə məlum deyildi. Nazirin fikrincə, şagird onu həyatda gözləyən təhdid və reallıqlara hazır böyüməlidir.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Teleqraf.com-a açıqlamasında deyib ki, nazir fənlərin adının dəyişməsindən daha çox məzmunun dəyişməsini nəzərdə tutur.
Onun sözlərinə görə, qlobal əhəmiyyətli problemlərin həlli üçün fənlərarası əlaqə qaçılmazdır: “Fənlərarası əlaqə iki və ya daha çox sahənin baxış perspektivlərini birləşdirməklə başa düşülə bilən mürəkkəb mövzuların dərk edilməsi və inkişafında tətbiq edilir. Məsələn, nanotexnologiyanı misal gətirmək olar. Kvant məlumatlarının emalı, kvant fizikası və kompüter elminin birləşməsi, manipulyar biologiyanı kompüter elmi ilə birləşdirən bioinformatikanı nümunə çəkmək mümkündür”.
İlqar Orucov hesab edir ki, fənlərarası tədqiqatlar tibb elmlərinin öyrənməsində, müxtəlif xəstəliklərin müalicəsinin optimal həll yollarının tədqiqində, həmçinin akademik sferada çox faydalı və yeni bilik istehsalına yol açır: "Söhbət məsələn, Riyaziyyat və Fizika fənlərinin adının dəyişilməsindən deyil, fənn münasibətlərinin məzmunda öz əksini tapmasından gedir. Fikrimcə, nəinki məktəblər, xüsusən də universitetlər bu istiqamətdə strategiyalarını dəyişməlidirlər”.
Tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov hesab edir ki, Cəbr, Həndəsə fənlərinin adı olduğu kimi qalmalı, dəyişilməməlidir.
O, Tarix fənninin məzmunun dəyişilməsinin tərəfdarıdır: “Tarix fənni keçmişdən bu günə qədər baş verən hadisələr prinsipi ilə yazılıb. 6-cı sinifdə oxuyan şagirdlərə Qədim dünya tarixi fənni tədris olunur, axı uşaq evdə Roma dövlətinin yaranması haqda eşitmir. Bu gündən keçmişə getmək lazımdır. Uşaqların yaşına görə ən sadə mövzular aşağı siniflərdə öyrədilməlidir, yuxarı siniflərdə isə dərinə getmək lazımdır. Təklif edirəm ki, Qədim dünya tarixi 10-11-ci siniflərdə öyrədilsin”.
Şahlar Əsgərov onu da qeyd edib ki, dövrün tələblərinə uyğun olaraq iqtisadiyyat, texnologiya sahələri üzrə yeni adda və məzmunda fənlər tədris oluna bilər.