“Türkiyədə köhnə və ya yeni prezident ölkəsinin Cənubi Qafqazda artan rolundan imtina etməyəcək, Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanla ittifaqı gücləndirmək siyasətinə üstünlük verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Cənubi Qafqaz ətrafında gedən son gəlişmələrə diqqət çəkib:
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Vaşinqtonda görüşdülər, dövlət katibi Entoni Blinkenin iştirakıyla 4 gün müzakirələr apardılar. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan bu həftənin sonunda Brüsseldə görüşəcək, 17 gün sonra - iyunun 1-də Moldova paytaxtı Kişinyovda Avropa Siyasi İcmasının toplantısı çərçivəsində müzakirələri davam etdirəcəklər.
Bu gedişat ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda möhkəmlənməsinə işarədir. Əlbəttə, Vaşinqton və Brüsselin vasitəçiliyi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını sürətləndirmir, ancaq bu iki formatda dialoqun davamı Cənubi Qafqazın gələcəkdə necə şəkillənəcəyinə işarədir.
Cənubi Qafqaz Rusiyanın “arxa bağça”sı olmamalıdır. Türkiyədə köhnə və ya yeni prezident də ölkəsinin Cənubi Qafqazda artan rolundan imtina etməyəcək, Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanla ittifaqı gücləndirmək siyasətinə üstünlük verəcək. Bu, Azərbaycanla qardaş bağlılığı ilə yanaşı, Türkiyənin milli və təhlükəsizlik maraqlarından da irəli gəlir”.