16 May 2023 20:29
3 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli görüş keçirildi. Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra Mişel bəyan etdi ki, iki ölkənin başçıları Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını təsdiqləyiblər”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Anna Karapetyan deyib.

“Brüsseldə bildirildi ki, Azərbaycan Ermənistanın 29.8 min kvadrat kilometrlik çərçivədə ərazi bütövlüyünü tanımağa hazırdır, amma bir şərtlə ki, Ermənistan faktiki olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısın. Azərbaycanın ərazi bütövlüyünün 86.6 min kvadrat kilometrlik çərçivədə tanınması da buna hesablanıb. Hətta Praqa görüşündən sonra Almatı Bəyannaməsinə istinad ediləndə, bu, müzakirə yaratdı. Ermənistan indiyədək Qarabağla bağlı qeyd-şərt irəli sürürdü, yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı, amma Qarabağ məsələsi ayrı olmalıydı. Bu dəfə ərazi məsələsini rəqəmlərlə təsdiqləməyə qərar verdilər. Bu da Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması deməkdir”, - ekspert bildirib.

Karapetyanın sözlərinə görə, Baş nazir Nikol Paşinyan Brüsseldə Qarabağ erməniləri ilə bağlı “gələcək status” haqda bir kəlmə də danışmayıb. Politoloq Mişelin də bu haqda danışmadığını, sadəcə Qarabağ erməniləri ilə Bakı arasında dialoqa dair tövsiyə verdiyini bildirib.

“Şarl Mişelin bəyanatının mətninə əsasən, Bakı Qarabağ erməniləri ilə dialoqda beynəlxalq mexanizmin tətbiqinə dair heç bir öhdəlik götürməyib”, - Karapetyan əlavə edib və vurğulayıb ki, Azərbaycanın ardıcıl olaraq bütün tələblərinin yerinə yetirilməsi prosesi gedir.

“Qərbin səylərinin intensivləşdiyini görürük. Elə mərhələlər oldu ki, Qərb daha aktiv cəhdlər göstərdi, sonra isə müəyyən məsələlərə görə proses səngidi. Hətta bu ilin yanvarın 1-dək sülh sazişinin imzalanacağı istisna edilmirdi. İndi bu, yenidən başlayıb. Şarl Mişelin bəyanatı isə göstərdi ki, Vaşinqton-Brüssel konteksti vahid format və vahid prosesdir. ABŞ faktiki olaraq bu mərhələni aktivləşdirərək Brüsselə ötürdü ki, danışıqlar əsas və yeni formatda getsin”, - politoloq söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər