“Ermənistan lideri açıq şəkildə təsdiqlədi ki, o, SSRİ dağılan zaman Qarabağın da daxil olduğu Azərbaycanın sərhədlərini tanıyır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspert Ermənistan baş nazirinin məsələ ilə əlaqədar son açıqlamasına diqqət çəkib:
“Baş nazir Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitində bildirib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. O, iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıdığını Almatı Bəyannaməsi əsasında Praqda Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə təsdiqlədiyini də xatırladıb.
Sitat: “Üç gün əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan Azərbaycanın 86.6 min kvadratkilometrlik, Azərbaycan da Ermənistanın 29.8 min kvadratkilometrlik ərazisini tanıdığını vurğulayaraq irəliyə doğru addım atdıq”.
Paşinyan bundan əvvəl Azərbaycanın ərazi bütövlüyünü sovet dövrünün inzibati sərhədləri daxilində tanıdığını bu qədər də açıq deməmişdi.
Beləliklə, Ermənistan lideri açıq şəkildə təsdiqlədi ki, o, SSRİ dağılan zaman Qarabağın da daxil olduğu Azərbaycanın sərhədlərini tanıyır. Bu, Azərbaycana əlavə və mütləq əsas verir ki, öz ərazisi üzərində tam suverenliyini bərqərar etmək üçün nəinki İrəvandan, hətta digərlərindən onun daxili işlərinə qarışmaq cəhdlərini astanadan əngəlləsin”.