20 May 2023 09:06
3 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev mayın 16-da “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Fərman imzaladı.

Dəyişikliyə əsasən, İqtisadiyyat Nazirliyinə üç ay müddətində Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün 45.1.6-1-ci və 52.1.10-cu maddələrində nəzərdə tutulan hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarını; eləcə də Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün 45-ci maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə, 52.1.10-cu və 52.1.11-ci maddələrində nəzərdə tutulan şəxslərin dövriyyə həcmini təsdiq edib Prezidentə məlumat vermək tapşırığı verilib.

Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildirilib ki, Miqrasiya Məcəlləsinə edilmiş yeni dəyişikliyə əsasən, Azərbaycanda müvəqqəti yaşama icazəsinin əldə edilməsi üçün əsas olan halların sırasına yeni hal əlavə edilib: “Belə ki, nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə müraciət edə biləcəklər.

Yeni dəyişikliklə Məcəllənin 45.1.6-1-ci maddəsinə əsasən müvəqqəti yaşama icazələri əldə etmək üçün şərtlər yenidən müəyyən edilib. Belə ki, dəyişikliklərdən öncə əcnəbi Azərbaycanda təsis edilmiş, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması məqsədilə müraciət edə bilərdi. Yeni qanun qüvvəyə mindikdən sonra Azərbaycanda təsis edilmiş və ödənilmiş nizamnamə kapitalı İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş miqdardan az olmayan xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olan təsisçisi müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət edə bilər.

Məcəllənin 45.1.6-1-ci və 45.1.7-ci maddələri üzrə müəyyən edilmiş nizamnamə kapitalı, dövriyyə və işçi sayı ilə bağlı tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur”.

Qurumdan o da qeyd olunub ki, Azərbaycanda daimi yaşama icazəsinin əldə edilməsi üçün bir sıra əsaslara yenidən baxılıb: “Belə ki, daimi yaşama icazəsinə müraciət etməyə hüquq verən daşınmaz əmlakın və banklarda pul vəsaitinin dəyəri (məbləği) 200.000 manat müəyyən edilir. Müvəqqəti yaşama icazəsinə müraciət etməyə hüquq verən müvafiq əsaslar üzrə məbləğlər isə dəyişmədən qalır (100.000 manat). Həmçinin nominal dəyəri azı 200.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olan əcnəbilər və ödənilmiş nizamnamə kapitalı İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş miqdardan az olmayan xarici investisiyalı hüquqi şəxsin rəhbəri və paylarının (səhmlərinin) azı 51 faizinə sahib təsisçisi daimi yaşamaq icazəsinin əldə edilməsi üçün müraciət edə biləcəklər. Nizamnamə kapitalının miqdarı və dövriyyə həcminə dair tələblər qeyri-kommersiya hüquqi şəxslərinə şamil olunmur.

Həmçinin daimi yaşama icazəsinə müraciət etməyə hüquq verən yaxın qohumların dairəsi yenidən müəyyən edilir (ata, ana, ər (arvad), övlad, bacı və ya qardaş). Müvəqqəti yaşama icazəsinə müraciət etməyə hüquq verən yaxın qohumların dairəsində isə heç bir dəyişiklik edilmir”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Məcəlləyə dəyişikliyi Teleqraf.com-a şərh edib.

O bildirib ki, Azərbaycanda hüquqi şəxs yaradan əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxs müvəqqəti və daimi yaşamaq icazəsi əldə etməsi üçün şərtlər var: “Müvəqqəti yaşamaq üçün şərtlər belədir ki, həmin hüquqi şəxsin nizamnamə kapitalı və illik dövriyyəsi İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi həddə olmalıdır.

Azərbaycanda yaradılmış hüquqi şəxsin rəhbəri olan əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxs o zaman daimi yaşamaq üçün müraciət edə bilər ki, payların 51 faizinin sahibidir və illik dövriyyəsi İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi həddən aşağı deyil.

Nizamnamə kapitalının yerində olması şəxsə müvəqqəti yaşama icazə verməyə əsas vermir. Gərək onun illik dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olsun. Vergi Xidməti həmin hüquqi şəxsin illik dövriyyəsinin həcmini şərtlərə uyğun olduğunu bəyan etməlidir”.

Hüquqşünas əvvəllər bu istiqamətdə sui-istifadə hallarının olduğunu vurğulayıb: “Məqsəd sui-istifadə hallarının qarşısını almaqdan ibarətdir.

Əvvəllər əcnəbi vətəndaşlar gəlib bir hüquqi şəxsi standart nizamnamə kapitalı ilə qeydiyyatdan keçirirdilər. Həmin şəxsin heç illik dövriyyəsi də olmurdu, amma Azərbaycanda yaşamaq icazəsi alırdılar.

Kim Azərbaycanda daimi yaşamaq hüququ əldə etmək istəyirsə, bu, formal yox, real olmalıdır. Miqrasiya Məcəlləsinin 52.1.10 bəndində daimi yaşamaq üçün icazə almaq hüququ nəzərdə tutulub. Bu şəxslər gedib üçüncü ölkələrdə başqa fəaliyyətlə məşğul ola bilməz. Azərbaycanda daimi və müvəqqəti yaşamaq hüququ əldə etmək istəyən hüquqi şəxsin real rəhbəri bu tələblərə cavab verməlidir”.

Sahib Məmmədov deyir ki, Miqrasiya Məcəlləsinin 45-ci maddəsində kimlərin Azərbaycanda müvəqqəti yaşamaq icazəsi əldə edə bilməsi göstərilib: “Sadalananların içərisində, o cümlədən Azərbaycanda yaradılmış hüquqi şəxsin rəhbəri olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs də var. Burada da bir şərt var ki, həmin hüquqi şəxsin nizamnamə kapitalı və illik dövriyyəsi müəyyən edilmiş həcmdə olmalıdır.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərə tətbiq olunan bütün şərtlər başqa ölkələrin vətəndaşı olan azərbaycanlılara da aiddir. Fiziki şəxslərin Azərbaycanda müvəqqəti yaşamaq icazəsi ala bilməsinin şərtləri isə fərqlidir. Məsələn, Azərbaycan banklarına 100 min manat vəsait qoymalıdır, yaxud da ölkəmizdə bu dəyərdə daşınmaz əmlaka sahib olmalıdır. Ailə üzvlərindən biri (ər və ya arvad) qeydiyyatda olan Azərbaycan vətəndaşı olmalıdır. Yaxud da həmin şəxs üçün iş icazəsi alınmalıdır və sair”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər