“Rusiyanın səyləri ilə bir sıra məsələlərdə Azərbaycan və Ermənistanın mövqeləri yaxınlaşıb”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Qaluzin Rusiyanın öz vasitəçilik səylərini bundan sonra da davam etdirəcəyini bildirib:
“Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 19-da Azərbaycan və Ermənistandan olan həmkarları ilə ikitərəfli və üçtərəfli formatda danışıqlar aparıb. Bu çərçivədə Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə ayrıca görüş də keçirilib. Belə müzakirələr üçün öz platformamızı təqdim etmək Bakı ilə İrəvan arasında sülh prosesində konkret nəticələrin əldə olunmasında Rusiyanın yardımının elementlərindən biridir.
Bu işi Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsasını təşkil edən üçtərəfli anlaşmalara uyğun olaraq həyata keçiririk. Sülh müqaviləsindən əlavə, nəqliyyat və iqtisadi kommunikasiyaların blokadadan çıxarılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ictimai əlaqələrin inkişafı yolu ilə etimadın möhkəmləndirilməsi kimi sahələri əhatə edir.
Sülh müqaviləsinə nail olmaq böyük ölçüdə normallaşmanın bütün yollarının gedişindən asılıdır.
Bizim yardımımız mübahisəli məsələlərdə həm Bakıya, həm də İrəvana uyğun balanslaşdırılmış kompromis həll yollarının axtarışına yönəlib. Bu mövzuda Moskvada aparılan danışıqlar tərəflər arasında anlaşmanı yaxşılaşdırmağa və bir sıra məsələlərdə mövqeləri yaxınlaşdırmağa imkan verib. Bundan sonra da bu məqsədlər üçün Bakıya və İrəvana hər cür yardım göstərəcəyik. Ümid edirik ki, belə müntəzəm təmaslar yekun sülh sazişinin əldə olunmasına imkan yaradacaq”.