“Danışıqların aparıldığı bütün mərkəzlər zamin olmağa hazırdırlar. Sonda nə alacağı başqa sualdır. Şəxsi fikrim budur ki, əldə olunacaq razılaşmaların qorunub saxlanması üçün belə bir qarantın olması vacibdir, çünki görürük ki, 10 noyabr bəyanatı bizi qane etmir. 10 noyabr təcrübəsi var, eyni səhvləri etməyəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanla sülh müqaviləsi ilə bağlı deyib.
“Zəmanət mexanizmləri daha aydın və anlaşılan olmalıdır. Konkret söhbət və ya konkret təklif haqda indidən deyə bilmərəm, amma sizi əmin edirəm ki, həm Avropa İttifaqı, həm də ABŞ və Rusiya sülh müqaviləsinin qarantı olmağa hazırdır, amma çoxluq içində mümkün qədər möhkəm mexanizmi seçməliyik. Düşünürəm ki, bir ölkənin zamin olması daha yaxşıdır. Mənə görə, bir neçə ölkə olanda onların arasındakı ziddiyyət həmişə pis rol oynayır. Buna görə də bir ölkə olsa yaxşıdır, məsələn, Rusiya, Fransa, Almaniya var, amma bir ölkə və aydın mexanizm olmalıdır”, - spiker bildirib.