“Ermənistanla Azərbaycan arasında demarkasiya ilə bağlı konkret xəritə üzrə yekun razılaşma yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistanla Azərbaycan arasında demarkasiya ilə bağlı konkret xəritə üzrə yekun razılaşma yoxdur. Amma Almatı bəyannaməsinə uyğun olaraq bu işləri həyata keçirmək üçün öhdəlik var. Ötən il oktyabrın 6-da Praqada razılıq əldə olunub. Hansısa xəritə ilə bağlı razılaşma yoxdur”, - XİN rəhbəri bildirib.
Bununla yanaşı, o hesab edir ki, 1975-ci il xəritəsi bunun üçün “məqbul” ola bilər. Mirzoyan qeyd edib ki, demarkasiyanın əsasını bu və ya digər tərəf üçün faydalı olan sənədlər və xəritələr deyil, hüquqi baxımdan ən toxunulmaz olanlar təşkil etməlidir.
Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 1975-ci il xəritəsi üzrə demarkasiyası ilə bağlı müəyyən irəliləyiş olduğunu deyib. Azərbaycan Xarici İşlər Nazirliyi ona cavabında bildirib ki, rəsmi Bakı və İrəvan arasında konkret xəritə əsasında sərhədin demarkasiyası ilə bağlı razılaşma yoxdur.