12 May 2014 16:59
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jerve Martel: “Onunla razılığa imza atmamaq axmaqlıq olardı”

Fransanın “Lans” klubunun prezidenti Jerve Martel “Le Monde” qəzetinə müsahibəsində klubunun Azərbaycanla bağlılığı haqda danışıb.

Teleqraf.com-un xəbərinə görə, klubun aksioneri Hafiz Məmmədovla tanışlığı barədə danışan Martel bildirib ki, Hafiz Məmmədov öz klubu – “Bakı”nın vurğunudur: “Onunla təsadüfən Fransanın cənubunda tanış olmuşam. İkinci liqaya gəlməsi üçün onu inandırmaq lazım gəldi”.

Klubun yerləşdiyi ərazi yeni böyük layihələrə ev sahibliyi etsə də, sosiallaşma cəhətdən “əziyyət çəkir”. “Hafizə deyəndə ki, azarkeşlərlə üzbəüzük və stadiondakı ucuz yerləri saxlamaq lazımdır, məni 100 faiz anlayan bir adam gördüm”, - deyə o vurğulayıb.

J.Martel H.Məmmədova ziddiyyətli münasibətdən şikayətləndi. ““Canal+”də Hafiz haqda bir reportaj gördüm, çox pis hazırlanmışdı. Məmmədovu səhər saat 4-də öz iş otağında göstərirlər. Məmmədov çox yaxşı insandır. Otağında olarkən də hər kəsə açıqdır. Və vaxt fərqinə görə daim işləyir, Nyu-York birjasına görə də işini görür. Onun gəliri neft və qazdandır. Bu, hər şeyi izah edir. Bu insanlar axşama kimi işləyən insanlardır. Bilirsiniz, Azərbaycan Fransada xüsusi hörməti olan ölkədir. Parisdə Azərbaycan səfirliyi var, Azərbaycan prezidentinin xanımı Fransadakı muzeylərə xeyriyyə yardımı edir”, - Martel əlavə edib.

Bu əməkdaşlığın hansı mübadilələrə yol açacağı sualına cavab verərkən Martel müxtəlif mətləblərə toxunub: “İyundan etibarən iki azərbaycanlı uşaq “Lans”da oynamaq hüququ qazanacaq. Bakıdakı fransız liseyinə ilk daşı qoyduq. Azərbaycan yeni ölkədir və dünyaya açılır. İlk Avropa Oyunları orada təşkil olunacaq. İyun ayında cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bakı 2020-ci il futbol üzrə Avropa Çempionatının keçirilməsinə də namizəddir. Hafizlə razılığa imza atmamaq axmaqlıq olardı. Biz bunu etməsək, başqası edəcəkdi. Məmmədovun ardınca da Parisin, Monakonun sponsorları gəlir. Bu, Fransa futbolu üçün bir üstünlükdür. Paris, Monako, Marsel, bəlkə bir gün Lion... Görəcəksiniz ki, hər kəs bu klublarla fəxr edəcək”.

Azərbaycanlı aksionerin müəyyən etdiyi hədəflərə gəlincə, J.Martel deyib: “Antuan Kambuare kimi bir məşqçini təbii ki “Artua” kubokunu qazanmaq üçün gətirməmişik. Bizim uzun yolumuz var. Ancaq on milyon avro ilə bunu bir dəfəyə deyil, yavaş-yavaş edəcəyik”.

Səxavət


Müəllif: