22 Avqust 2023 13:57
9 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qafan hava limanından 15 metr aralıda Azərbaycan dövləti başlayır. Azərbaycanla sərhəd varsa, Ermənistanla da sərhəd olmalıdır. İki sərhəd arasında beynəlxalq delimitasiya və demarkasiya qaydalarına uyğun olaraq neytral zona olmalıdır. Qafan aeroportu həmin neytral zonada yerləşir”.

Teleqraf.com xəbər verir ki, bunu ötən günlərdə Ermənistanın sabiq baş naziri Hrant Baqratyan demişdi.

Keçmiş baş nazir “Hraparak” qəzetinə açıqlamasında ölkədə müzakirə mövzusuna çevrilən bu sözlərini belə izah edib:

“20 illik müharibədən (ərazilərimizin işğalından öncə - red.) əvvəl Azərbaycanın mövqeləri oradan 180 kilometr uzaqdaydı. İndi 15 metr məsafədə post var. O aeroport qanuni olaraq bizim torpaqda deyil, neytral zonadadır. Oradan sərhədə qədər ən azı 200 metr, 200 metrdən 1 kilometrə qədər neytral zona olmalıdır. Yəni Qafan şəhərinin bəzi hissələri və hava limanından şəhərə gedən yeganə yol da həmin neytral zonadadır. İndi orada delimitasiya olacaqmı? Bəli. Nə vaxtsa sərhəd müəyyən edilsə, deyə bilərlər ki, Qafan hava limanını bağlayın”.

Baqratyanın sözlərinə görə, nə vaxtsa delimitasiya aparılsa, Qafan şəhərinin 30 faizi “silinəcək”.

“Dirçələn Ermənistan” partiyasının sədri Vahe Akopyan bildirib ki, 2016-cı ildə hava limanının yenidən qurulması və istismarı ilə bağlı qərar qəbul edilib:

“O vaxt işlərə başlanılmışdı. Sona təxminən üç il çəkdi, hava limanı sıfırdan tikildi. Bir neçə növ təyyarənin yerləşdirilməsi üçün uçuş-enmə zolağı 250 metr uzadıldı. Azərbaycan sektoruna daxil olmamaq üçün turbovintli, reaktiv olmayan təyyarələrdən istifadə edilməsinə qərar verildi. Bunun üçün Paşinyan və hökumət üzvlərinin ötən günlərdə Qafana uçduqları SKODA L410 tipli təyyarə alındı”.

Partiya sədri Baqratyanın dediklərinə də toxunub, bunda həqiqətin olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər