2 Sentyabr 2023 13:40
6 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni radikalların məntiqinə görə, Paşinyan istefa versə və ya Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsə, vəziyyəti öz xeyirlərinə düzəldə biləcəklər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistandakı radikal siyasi qüvvələrin baş nazirə təzyiq etdiklərini bildirib:

“Ermənistanın müxalifət təmsilçiləri, o cümlədən keçmiş prezident Serj Sərkisyan ölkəsinin və Qarabağdakı mövcud durumun səbəbini Nikol Paşinyanın hakimiyyətini davam etməsiylə əlaqələndirir. Onlar hesab edirlər ki, nə qədər Paşinyan baş nazirdir, vəziyyət onlar üçün daha da çətinləşəcək, Azərbaycan Qarabağın dağlıq hissəsinə nəzarəti tam bərpa etməklə yanaşı, Qərbi Zəngəzuru da ələ keçirəcək.

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Paşinyanın istefasını tələb etməsə də, ondan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamasını geri götürməsini tələb edir: “Başımıza gələn bəlalar Nikol Paşinyanın Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımasıyla bağlıdır”.

Oskanyan hesab edir ki, Paşinyanın bu açıqlamasından sonra beynəlxalq aləmin Azərbaycana təzyiq etmək imkanları minimuma enib.

Erməni radikalların məntiqinə görə, Paşinyan istefa versə və ya Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsə, vəziyyəti öz xeyirlərinə düzəldə biləcəklər. Bunlar anlamaq istəmirlər ki, İkinci Qarabağ Müharibəsi bölgədəki şərtləri dəyişib, Paşinyanın yerində kim olur-olsun Azərbaycan Qarabağa nəzarəti tam bərpa etmək siyasətindən imtina edən deyil. Düyməyə basılıb, geri gönüş mümkün deyil. Bu, yaxın 35 ildə separatizmlə mübarizədə minlərlə vətəndaşını itirən, qətliamlar görən Azərbaycan cəmiyyətinin sifarişidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər