“Prezident Vladimir Putin Rusiyanın Qarabağ məsələsi ilə bağlı mövqeyinə möhürünü vurdu”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
Ekspert qeyd edib ki, Rusiya liderinin səsləndirdiyi fikirlər Ermənistan baş nazirini çətin duruma salacaq:
“Rusiya lideri Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda vaxtilə Ermənistana “əlverişli sülh planı” təklif etdiklərini, ancaq İrəvanın bundan imtina etdiyini və müharibəylə hər şeyə nail olmağa çalışdıqlarını, nəticədə də indiki durumla üzləşdiklərini söyləyib.
Putindən sitat: “Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıbsa, nə danışırıq? Bu, bütün problemlərin əsas komponentidir – Qarabağın statusunu Ermənistan özü müəyyən edib”.
Beləliklə, Paşinyan Ermənistanın 44 günlük Qarabağ savaşındakı məğlubiyyətlərini KTMT-dəki müttəfiqləri Rusiyanın ayağına yazmaq, Ermənistanda anti-Rusiya və anti-Putin meyllərini gücləndirməklə KTMT-dən çıxmaq gedişinə qarşı Putin də öz “şah” gedişini etdi. O, erməni əhalisinə təqsiri öz rəhbərliklərində axtarmağı tövsiyə etməklə, faktiki olaraq, Qarabağdakı məğlubiyyətin məsuliyyəti barədə bütün müzakirələri Ermənistanın daxilinə, iç siyasətinə daşıdı və Paşinyanın bundan sonra Rusiyanın moderatorluğu ilə keçiriləcək görüşlərdə sülhdən geri çəkilmək yolunu da bağladı.
Böyük ehtimalla, sentyabrın 17-dən etibarən, Ermənistanda hakimiyyət uğrunda mübarizənin yeni bir mərhələsi başlayacaq və Putinin açıqlamaları iç savaşın şiddətlənməsində, qarşılıqlı ittihamların dərinləşməsində ən çox istinad edilən fikirlər olacaq.
Eyni zamanda, Putin bu çıxışıyla bundan sonrkı mərhələdə Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində və Qarabağ ermənilərinin rəsmi Bakının iradəsinə tabe etdirilməsində, eləcə də bölgədəki sülhməramlılarının gələcək aqibəti məsələsində Azərbaycan tərəfiylə razılaşdırılmış mövqe tutacağının da anonsunu vermiş oldu”.