“Ermənistan Respublikası ərazisində heç bir dəhliz nəzərdə tutulmur”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyənin nəqliyyat və infrastruktur nazirinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Bu məsələdə beynəlxalq ictimaiyyəti çaşdırmamağımız çox vacibdir. Çünki əksər hallarda Avropada dəhliz anlayışından danışarkən nəqliyyat kommunikasiyasını nəzərdə tuturlar. Bu söz bizim üçün çox həssasdır”, - baş nazir bildirib.
Paşinyan qeyd edib ki, magistral yollar, dəmir yolları, qaz kəmərləri, neft kəmərləri, elektrik rabitə xətləri və sair Ermənistan üçün nəinki məqbuldur, həm də onlarla maraqlanır:
“Ancaq bir daha deyirəm ki, bu, Ermənistanın suverenliyinin və səlahiyyətlərinin qorunub saxlanması şəraitində baş verməlidir”.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bundan əvvəl Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərin getdiyini açıqlamışdı.