“Putin öz bəyanatı ilə demək istəyir ki, Ermənistanın keçmiş prezidentləri Köçəryan və Sərkisyan axmaq olub, indiki baş nazir isə həm axmaqdır, həm də kapitulyatordur”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Bağdasaryan bildirib.
Bağdasaryanın fikrincə, Rusiya liderinin bu açıqlaması manipulyasiya xarakteri daşıyır: “Putin bu bəyanatı ilə Ermənistan-Rusiya münasibətlərinin pisləşməsinə görə günahı erməni tərəfinin üzərinə atmağa çalışır”.
Ekspert hesab edir ki, Rusiya prezidenti Azərbaycanın da mövqeyini təqdim etsəydi, vəziyyət tamam başqa cür olardı.
“Putinin dediklərini tərcümə etməyə çalışsaq, deyə bilərəm ki, o, Ermənistanın keçmiş hakimiyyətlərinin axmaq olduğunu, indikinin isə həm axmaq, həm də kapitulyator olduğunu iddia edir. O, bunu nəzərdə tuturdu. Ermənistanın ikinci və üçüncü prezidentləri, eləcə də bugünkü baş nazir Putinin dediklərinə cavab verməlidir. Çünki Putinin ittihamları onlara yönəlmişdi, o, təxminən 15 il əvvəldən danışıb”, - politoloq əlavə edib.
Bağdasaryanın sözlərinə görə, Putinin bu bəyanatı Ermənistanda artan anti-Rusiya atmosferini yumşaltmaq üçün bəhanədir:
“Rusiya prezidenti yaranmış vəziyyətə görə Ermənistan hakimiyyətini günahlandırmağa çalışır”.
Bağdasaryan Putinin Ermənistanla heç bir problemi olmadığını və Paşinyanla tez-tez telefon danışığı apardıqları barədə fikrinə də toxunub:
“Reallıqda belə deyil, çünki Putinlə Paşinyan arasında normal münasibətlər olsa belə, Rusiya Ermənistanda ciddi strateji müttəfiq kimi qəbul edilmir. Bu gün Rusiyaya münasibət tamam başqadır. Rusiya bu gün dost ölkə kimi qəbul olunmur”.