“ABŞ Ermənistana kömək etmək üçün heç bir addım atmağa hazır deyil”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
Ekspert Türkiyə xarici işlər naziri Hakan Fidanın Ermənistanla bağlı son mesajına diqqət çəkib:
“Hakan Fidan Qərbə deyir ki, Ermənistana daha məqbul məsləhətlər versin. Onun sözlərinə görə, əks halda - regiondakı reallıqla əlaqəsi olmayan məsləhət və dəstək problemi həll etmək əvəzinə Ermənistana daha çox xaos və göz yaşları gətirəcək.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirir ki, Brüssel öz vasitəçilik xidmətlərini Azərbaycan və Ermənistana qəbul etdirməyə çalışır, bu, Vaşinqtonla birlikdə Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxarır.
Bir neçə gün əvvəl İran prezidenti də (İrəvana xitabla) eyni şeyi dedi: “Bölgəyə xarici qüvvələri gətirməyin və bu, bizim “qırmızı xətt”imizdir”.
ABŞ dövlət katibi Blinken Paşinyana nə dedi? Bildirdi ki, ABŞ Ermənistana, onun suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini davam etdirəcək. Üstəgəl, Qarabağda baş verənlərdən “narahatlığını” ifadə etdi, vəssalam. Yəni ABŞ Ermənistana kömək etmək üçün heç bir addım atmağa hazır deyil.
Çoxları anlamır ki, Cənubi Qafqazda yalnız İran, Rusiya və Türkiyə arasında qüvvələr və maraqlar balansı olanda sülh ola bilər. Bunu da başa düşmürlər ki, dördüncü tərəf bölgəyə girərsə, güc balansı pozulur və bu, müharibə ehtimalının artması deməkdir. Amma bu hələ heç nə deyil, daha vacib və təhlükəli bir şeyi anlamırlar ki, Cənubi Qafqazın üç ölkəsindən biri regiona dördüncü gücü gətirsə, böyük qonşu dövlətlər – Rusiya, Türkiyə və İran bunu edənlərə və bölgəyə girən kənar qüvvələrə düşmən olacaqlar. Bu baxımdan, onlar üçün dördüncü tərəfin kim olması qətiyyən vacib deyil.
Digər üçü niyə dördüncü qüvvəyə bu qədər həssas yanaşırlar? Çünki dördüncünün burada həyati maraqları yoxdur, sadəcə tarazlığı pozmağa, yəni müharibə çıxarmağa çalışırlar. Daha sadə dillə desək, regionumuzda dördüncü güc müvəqqəti dividendlər əldə etmək üçün sadəcə diqqəti yayındırır. Bəs Ermənistan niyə belə cəhd edir, xüsusən də Ermənistanın ərazi təhlükəsizliyi bu gün Avropa Birliyi müşahidəçiləri tərəfindən deyil, sərhədlərimizin yaxınlığında toplaşan İran hərbi birləşmələri tərəfindən təmin edilir”.
Danielyan Ermənistanın etdiklərinə görə cəzalandırılacağını istisna etmir.