“İkinci Qarabağ müharibəsindən sonra sülh müqaviləsinin imzalanması Ermənistan üçün sərfəlidir. Münbit şərait yaranıb, ermənilər sülh müqaviləsi imzalamaqla, qarşılıqlı ərazi bütövlüyünü tanımaqla, Azərbaycan tarixi torpaqlarına sahiblənmiş, özlərinin hesab etdiyi ərazilərin təhlükəsizliyini təmin etmiş olacaqlar. Dəfələrlə Nikol Paşinyan bəyanatlarında qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Amma bu şərtlə ki, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanısın”.
Bunu Teleqraf.com-a Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, Paşinyan hətta rəqəmlər belə səsləndirib:
“Hazırda Ermənistan rəhbərliyi Qarabağa iddiadan əl çəkib. İkinci Qarabağ müharibəsindən sonra Paşinyan hökuməti bu iddiadan imtina edib. Sadəcə Ermənistan cəmiyyəti, xaricdəki erməni diasporu və Qarabağ ermənilərinin təzyiqindən çəkinərək, bəzən Qarabağ haqda bəyanatlar verirdilər. Yəni bu separatçı iddiadan birbaşa imtina edə bilmirdilər. Amma Azərbaycanın 23 saat 43 dəqiqəlik antiterror tədbiri və nəticəsində Qarabağa nəzarətimiz tam bərpa edildikdən sonra Paşinyan üçün şərait yarandı ki, qoruya bilmədiyini desin.
Lokal tipli antiterror tədbirləri olanda Paşinyan bir neçə dəfə bəyanat verdi. Birində “biz qarışmırıq” dedi. İndi çox istəyirlər ki, Qranadada Azərbaycanla sülh müqaviləsi imzalansın.
Hazırkı məqamda Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanmasının tərəfdarı deyiləm. Çünki Zəngəzur, Göyçə və Basarkeçər məsələsi var. Sovet dönəmində Naxçıvandan zorla qoparılmış ərazilərimiz də bura daxildir. Bu gün Ermənistan öz ərazisi elan etdiyi 29.8 min kvadrat kilometrin 20 mini sovet dönəmində Azərbaycan xalqının iradəsi nəzərə alınmadan, zorla Ermənistana birləşdirilmiş ərazilərdir”.
Tural Abbaslı bildirib ki, insanlar sülh müqaviləsini daha çox Ermənistanla münaqişənin bitməsi, düşmənçiliyə son qoyulması kimi nəzər tuturlar:
“Ordusunu gücləndirən Ermənistan bu sənədə məhəl qoymayacaq. Necə ki, ötən 30 il ərzində BMT-nin dörd qətnaməsini heçə saydı. BMT-nin 200 dövlətinin yığışıb qəbul etdiyi dörd qətnaməni heçə sayan ölkə iki dövlət arasındakı müqaviləyəmi sadiq qalacaq?
Ermənistana sülh müqaviləsi sadəcə Azərbaycanın Qərbi Zəngəzur - tarixi ata-baba torpaqlarına haqlı iddiasının qarşısını almaq üçün lazımdır. Sonra bütün dünyaya car çəkəcəklər ki, özləri də bizi tanımışdılar, indi iddia qoyurlar.
Maraqlısı budur ki, ermənilərdən çox biz sülh müqaviləsindən danışırıq. Gürcüstan, Rusiya və İranla aramızda sülh müqaviləsi varmı? Sülh müqaviləsinin olmamağı o demək deyil ki, bir-birilərinə qarşı hərbi təcavüz edəcəklər. Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyir. Sülh müqaviləsində nə yazılacaq, nəyi təsbit edəcəyik? Sülh müqaviləsi iki münaqişəli, iki müharibə edən tərəf arasında imzalanır. Biz müharibəni 2020-ci il noyabrın 10-da bitirmişik. Sülh Ermənistana lazımdır”.