“Zəngəzur dəhlizinin açılışına gedən yolda bilək gücündən nəticələr alındı. Qarabağın işğalçılardan təmizlənməsi mühüm ərəfəydi. İndi diplomatiyanın vaxtıdır. Ya Ermənistan buna əməl edəcək, ya da İran daxil olacaq. Bu məqamda ciddi qətiyyət var”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Haber7” saytının yazarı, analitik Akif Küçükal deyib.
Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi heç vaxt sadə avtomobil yolu olmayıb, bunun regional və qlobal tarazlığı dəyişmək potensialı var:
“Zəngəzur dəhlizi Türkiyənin türk dövlətləri ilə birləşməsi Avropanın Çinlə əlaqəsi deməkdir. Zəngəzurun enerji resurslarının tranzit marşrutu olması vacibdir. Türkiyə artıq illərdir enerji mərkəzinə çevrilməyə hazırlaşır. Məsələn, ötən ilin yanvarında Bolqarıstanla, avqustda isə Macarıstanla təbii qaz ixracı müqaviləsi imzalanıb. Nəhayət, meydana Rumıniya da əlavə olunub. Rumıniyaya gündəlik 4 milyon kubmetrə qədər təbii qaz ixracı razılaşdırılıb.
Ölkələrin qaz ixracında bir-bir sıraya düzülməsi Türkiyənin Avropanın enerji təchizatı təhlükəsizliyinə və müxtəlifliyinə verdiyi töhfənin bariz göstəricisidir”.
Küçükal bu çərçivədə Türkiyənin Liviya ilə imzaladığı enerji müqaviləsinə, İsrail və Misirlə, eləcə də Bəsrə körfəzi ölkələri ilə anlaşmalarına da diqqət çəkib:
“Bir sözlə, Zəngəzur dəhlizi indiyədək diqqətlə işlənmiş planın ən seçilən gedişi olacaq. Bu dəhliz sayəsində Türkiyə türk dövlətlərinin enerji potensialını Avropaya açan qapıya çevriləcək. Beləliklə, Avropa, Türkiyə və enerji baxımından zəngin region ölkələri də qazanacaq.
İstanbulda yaradılacaq Enerji Mərkəzi enerji mübadiləsi, eləcə də bərpaolunan enerji və anbar yaratmaq məqsədi daşıyır. Şimalda Rusiya, Şərqdə Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, cənubda İraq, İran, Qətər, İsrail, Misir və Əlcəzair bu bazarda iştirak edəcək ölkələrdir. Enerjinin Türkiyə üzərindən sərbəst bazara çıxarılması üçün bütün infrastruktur işləri hazırlanır.
Türkiyə bərpaolunan və hidrogen enerjisi sahələrində də böyük irəliləyiş əldə edib. Bu baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkəsi adına sahibdir. Türkiyənin günəş enerjisi potensialı həm ABŞ, həm Çin, həm də Avropa ölkələrindən yüksəkdir. 2026-cı ilə qədər Türkiyənin bərpaolunan enerji artımının təxminən yarısının günəş enerjisindən əldə ediləcəyi proqnozlaşdırılır”.
Analitik vurğulayıb ki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizini açmaqda qərarlıdır:
“Qərb Türkiyənin qarşısını ala bilmədiyi bu prosesdən daha güclü çıxacağının fərqindədir. Amerikanın “Forbes” nəşrinin “Coğrafiyada gizlənən supergüc Türkiyəni heç kim görmədi”, Fransanın “Le Point“ qəzetinin “Ərdoğanın qələbə yürüşünü kim dayandıracaq?” mesajları da bundan xəbər verir.
Boş dayanmayıblar. Türkiyədən yan keçən IMEC (Hindistan-Yaxın Şərq-Avropa dəhlizi) kimi alternativ planlar qurduqları, Qarabağ məsələsində Ermənistana dəstək iddiası ilə Zəngəzurda hakim olmaq istədikləri bir həqiqətdir”.