Bu ana qədər İsraildəki hadisələr zamanı xəsarət alan azərbaycanlılar barədə məlumat daxil olmayıb.
Teleqraf.com Trend-ə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
"Azərbaycanın İsraildəki səfirliyi tərəfindən tezliklə vətəndaşlarımıza müraciət dərc olunacaq, qaynar xətt yaradılacaq", - deyə əlavə edilib.
Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.
İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.