“Baş nazir Nikol Paşinyan Rusiyanın Ermənistandakı hərbi bazalarına ehtiyacın olmadığını bildirib. Rusiya Ermənistandakı 102-ci bazasını Türkiyəyə görə qurmuşdu. Bunu Azərbaycana qarşı təhdid vasitəsinə çevirmişdilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin iddiasına görə, Azərbaycanın ərazilərinin uzun illər işğalda saxlanılmasında 102-ci bazanın da rolu olub:
“İkinci Qarabağ Müharibəsindən sonra bölgədə reallıq dəyişib, yeni nizam qurulur. Qarabağ münaqişəsi bitib. Ermənistan məğlub olaraq öz sərhədlərinə çəkilib. Ən əsası Ermənistan yolunu Qərbə döndərib. Paşinyan bütün bunları əsas götürərək, 102-ci bazanın çıxarılmasına çalışır.
Hesab edirəm ki, 102-ci bazanın çıxarılması Ermənistanın Rusiyanın orbitindən çıxması istiqamətində ciddi addımlardan biri olacaq. Əlbəttə, müqəddəs yer heç vaxt boş qalmır, Paşinyan Rusiyanın yaratdığı boşluğu başqası ilə doldurmağa çalışacaq. Belə bir durum yenə də bölgədə gərginliyin saxlanmasına xidmət edə bilər, nəticədə Türkiyə və Azərbaycanla əlaqələrdə normallaşma arxa plana keçəcək.
Ermənistan geosiyasi seçimini edib və bu qərar Qərbdən yanadır. Əlbəttə, Rusiyanı Ermənistandan çıxarmaq elə də asan deyil, hətta mümkünsüz görünür. Amma cəhdlər baş tutsa, bu da Ermənistanın müstəqilliyini və təhlükəsizliyini təmin etmir, sadəcə ağalarını dəyişməyə çalışırlar. Əlbəttə yeni ağaları sülhə əngəl olmayacaqsa, problem də olmayacaq. Paşinyanın “sülhpərvər” davranışları isə hələlik imitasiya təsiri bağışlayır”.