Separatçı Samvel Şahramanyan qondarma qurumun buraxılması ilə bağlı “fərman”ını redaktə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Separatçı “müvafiq fərman”ı Azərbaycan ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərindən sonra imzalayıb. Buna görə, qondarma qurum yanvarın 1-də fəaliyyətini dayandırmalı idi. Nəşr yazır ki, Şahramanyan bundan sonra “fərman”a dəyişiklik etməyə məcbur olub.
“Şahramanyan bir neçə gün əvvəl yeni qərar qəbul etməyə məcbur edilib (Ermənistan hökuməti tərəfindən). Əvvəlkini redaktə edərək, oktyabrın 1-dən “strukturlar”ı (qondarma qurumu) buraxıb, işçiləri azad edib”, - məlumatda deyilir.
Nəşr buna səbəb kimi Ermənistan hökumətinin separatçılara maaş verməkdən imtina etməsini göstərir.