Qərbin hədəfi açıq-aşkar Ermənistana yardım, Azərbaycana isə təzyiq göstərməkdir. Nəticə etibarı ilə məqsəd qeyri-bərabər şərtlər əsasında sülh müqaviləsinin imzalanmasıdır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Azərbaycan bu cür təzyiqlərə tabe olmamalıdır:
"ABŞ getsin öz işi ilə məşğul olsun. Amerikanın bu təzyiqi heç bir normaya, beynəlxalq münasibətlərin etikasına uyğun gəlməyən zorakı addımdır. Azərbaycan bu cür addımları rədd etməlidir. Qarabağda sülhməramlılar çıxarılmalıdır. Biz də ona can atırıq. Amma bunu bir qədər ehtiyatlı etmək istəyirik. Amerika isə bizim əlimizlə Rusiyaya qarşı hər hansı hərəkətlərini işə salmaq istəyir. Amerika bacarırsa, gəlsin özü sülhməramlıları çıxartsın. Ərazilər bizimdir. Müəyyən razılıq əsasına sülhməramlılar burdadır. Sülhməramlılar vaxtından əvvəl çıxarsa, üçtərəfli bəyanat öz hüquqi və siyasi mahiyyətini itirmiş ola bilər. Bizim üçün hələ üçtərəfli bəyanatın müəyyən müddəalarının da yerinə yetirilməsi lazımdır".
Politoloq bildirib ki, ABŞ bütün Güney Qafqazı təsiri altına almaq istəyir:
"Onların niyyəti Ermənistana girmək, Rusiyanı buradan vurub çıxarmaqdır. Daha sonra isə Orta Asiya respublikalarına nüfuz etməkdir. Çox uzağa gedən niyyətlər güdürlər. İlk planlarını həyata keçirmək üçün Ermənistanla başlamaq istəyirlər. Ermənistan da qul kimi onların qarşısında hər şeyə "hə" deyir. Beləliklə də bölgədəki münasibətlərin yenidən mürəkkəbləşməsinə şərait yaradır".