Əslində danışıqların ikitərəfli getməsi daha effektiv ola bilər. Biz də bunu təklif etdik.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.
Onun sözlərinə görə, vasitəçilərlə danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı:
"Ümumiyyətlə, Cənubi Qafqazda marağı olan ölkələr bu konfliktin sülh müqaviləsi ilə başa çatmasını istəmirlər. ABŞ və Fransanın timsalında bunu görmək çətin deyil. Digər ölkələrin də burda maraqları var. Maksimum dərəcədə çalışırlar ki, prosesdə müəyyən problemlər, maneələr yarasın. Sərhəddə görüş məsələsinə gəldikdə, bəli, belə bir praktika var. Hətta 1990-cı ilin ortalarında Ümummilli Lider Heydər Əliyevin dövründə erməni tərəfi ilə dəfələrlə sərhəddə görüş keçirilib. Ermənistan sərhəddə görüş məsələsinə adekvat yanaşsa, onun reallaşması mümkündür".
Politoloq bildirib ki, Azərbaycan tərəfi vaxtilə dəfələrlə həmsədrlərin fəaliyyətsizliyi, Cənubi Qafqazla bağlı proseslərin daha loyal və konstruktiv məcraya keçməsinə maneələr törətdiyini bəyan edib:
"Bu bir faktdır. Onlar dağıdıcı fəaliyyətdə olublar. Fransa və ABŞ-ın hazırkı mövqeyi də buna əyani sübutdur. Məsələ bundadır ki, Ermənistan maksimum dərəcədə danışıqları pozmağa çalışır. Hər dəfə bəyan edir ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümidliyik. Amma konkret addımları yoxdur.
Nəhayət, Azərbaycan rəsmiləri açıqladı ki, Ermənistana 5-ci sülh paketini təklif etmişik. Amma hələ bir reaksiya yoxdur. Belə görünür ki, Ermənistan kənar qüvvələrlə birlikdə prosesi ya pozmağa, ya da gecikdirməyə çalışır".