Avropada növbəti casus qalmaqalı yaşanr. Avropa ölkələrində həm Rusiya, həm də Çin casusları yaxalanır. Moskva ilə yanaşı, Pekinin də Avropa ölkələrində casus fəaliyyətini genişləndirməsi Brüsselin ciddi narahatlığına səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, son aylarda, həm Böyük Britaniya, həm də Almaniyada Çinə casusluq edən şəxslər həbs olunub:
“Çinə bağlı casuslar Britaniyada sənaye müəssisələri və akademik mühitə müdaxilə edərək sirləri öyrənməyə çalışıblar. Casuslardan biri Britaniya parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Alisiya Kirnsin köməkçisi olub, hazırda təhlükəsizlik naziri olan Tom Tuqendxat tərəfindən yaradılan nüfuzlu beyin mərkəzi Çin Araşdırmalar Qrupunda işləyib. Pekin Londonun iddialarını qəbul etməyib. Buna baxmayaraq, Britaniya hökuməti son üç ildə ilk dəfə Çin dövlətinə bağlı qurumlara qarşı sanksiyalar tətbiq etməyə qərar verib.
Almaniya daxili işlər naziri Nensi Fayzer də “Çin casuslarının biznes, sənaye və elm sahələrində yaratdığı ciddi təhlükə”dən danışıb. Almaniyada həbs edilən casuslar hərbi məqsədlər üçün sənaye məlumatlarını toplamaqda ittiham olunur. Həbs orderində bildirilir ki, həbs edilən şəxslərdən biri Çin Təhlükəsizlik Nazirliyi və onun gizli polis xidmətinin agenti kimi fəaliyyət göstərib. Həmin şəxs Almaniyada hərbi məqsədlər üçün istifadə oluna biləcək innovativ texnologiyalar haqda məlumat əldə etməkdə ittiham edilir”.
Mərkəzin ekspertləri vurğulayır ki, bu xəbər Almaniya Kansleri Olaf Şolzun Çinə səfərindən sonra yayılıb:
“Halbuki Şolz Çin lideri Si Cinpinlə iqtisadi əlaqələrin inkişafı mövzusunda müzakirə aparmışdı. Ancaq Almaniyada casus qalmaqalı bu səfərin nəticələrinə mənfi təsir edib.
Casuslar Almaniyanın Düsseldorf şəhərində həbs olunub. Onlar bu şəhərdə fəaliyyət göstərən elm və tədqiqat sektorları ilə əməkdaşlıq ediblər. Digət tərəfdən, həmin casuslar strateji sirlərin Çinə ötürülməsində Almaniya universitetlərinin imkanlarından da istifadə ediblər. Həmin universitetlərin Çin universitetləri ilə əməkdaşlıq müqavilələri var”.