Ermənistanla sərhəddə yerləşən Qazax, Tovuz və Gədəbəyin təhlükəsizliyi Qarabağın təhlükəsizliyi qədər vacibdir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, sərhədin delimitasiya və demarkasiyası prosesinin qısa müddətdə başa çatdırılması mümkün deyil:
“Ermənistan 4 kəndi Azərbaycana qaytardıqdan sonra yerdə qalan 4 kəndin (anklav) nə zaman qaytarılacağı mövzusu aktuallaşıb. Bu arada, ermənilərin iddia etdiyi Başkənd mövzusu ətrafında da müzakirələr başlayıb.
Delimitasiya və demarkasiya prosesi davam edir. İlkin nəticələr müsbətdir. Ancaq sərhədin müəyyənləşdirilməsinin sonrakı mərhələlərində mübahisələr yarana bilər. Əslində, bunda problem yoxdur, onsuz da qısa müddətdə iki ölkə arasında bütün sərhədin müəyyənləşdirilməsi mümkün olmayacaq. Bizim üçün önəmli olan Qazaxa bitişik 4 kənd idi, onu həll etdik, digər 4 kəndlə bağlı danışıqlar davam edəcək. Sülh və ya çərçivə sazişinə bütün problemli məsələləri daxil etmək mümkün olmayacaq.
Ermənistanla sərhəddə yerləşən Qazax, Tovuz və Gədəbəyin təhlükəsizliyi Qarabağın təhlükəsizliyi qədər Azərbaycan üçün vacibdir”.