“Bir gündən az sürən antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdik. Tədbirlər nəticəsində mülki infrastruktur və dinc əhali arasında heç bir itki olmamışdır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumda bildirib.
“Biz dərhal bəyan etdik ki, erməni qoşunları silahı yerə qoyan kimi, biz əməliyyatı dayandıracağıq və onlara çıxmağa imkan verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olan kimi əməliyyata son qoyuldu. Bu, sonuncu görüşümüzdən sonra baş verən ən mühüm hadisələrdir”, - deyə dövlət başçısı vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, bu gün biz bir neçə beynəlxalq çağırışla üzləşirik: “Təəssüf olsun ki, biz tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq. Biz öz mövqeyimizi onlara çatdırırıq və bütün ölkələrə qarşı beynəlxalq hüququn şamil olunmasının vacibliyini qeyd edirik. Bu, selektiv olmamalıdır. Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll edib. Bu, Azərbaycanın suveren hüququ idi ki, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirsin”.