Ermənistan Rusiyaya 400 milyon dollar ödəyib, amma əvəzində silah ala bilmir. Hindistandan silah alırıq, ancaq bu silahların daşınması ilə bağlı logistik problemlər yaranır. Gürcüstandan keçməklə Fransa istehsalı bir neçə zirehli maşın gətirildikdə, bu, “böyük uğur” sayıldı. Silahlanma baxımından vəziyyət ürəkaçan deyil.
Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Artak Qalstyan deyib.
“Ermənistanın hərbi sənayesinin inkişaf etdirilməsi, yerli silahların istehsalı ilə bağlı çox danışılır, Paşinyan vaxtaşırı bu məsələ ilə bağlı görüşlər keçirir, çıxışlar edir, amma bunlar bəyanatlar səviyyəsində qalır. Ermənistanda ciddi hərbi məhsullar istehsal olunmur, bu da ixraca tələbatı artırır. Bir dəfə canlı yayım zamanı Paşinyan yerli istehsalın “heç vaxt görmədiyimiz güc”ündən və “gizli silah”ından danışdı.Ermənistan istehsalı olan həmin silah – PUA-lar haqda hakimiyyət videolar yayanda, lovğalananda çoxları elə bilirdi ki, təhlükəsizliyimiz təmin olunub. Amma hadisələr (Azərbaycanla 44 günlük müharibə) həmin köpüyü partladı. Hərbi əməliyyatlar zamanı erməni PUA-ları düşmənə qarşı mübarizədə effektiv olmadı”, - jurnalist bildirib.
Qalstyan qeyd edib ki, Ermənistan müxtəlif ölkələrlə hərbi əməkdaşlıq sahəsi yaradıb, amma birgə təşəbbüslərlə bağlı heç bir addım yoxdur:
“Yəqin ki, Ermənistan hakimiyyəti həmişə asan yollar axtarır, məsələn, silah idxal etmək və məsələni bununla bağlamaq. Üstəlik, kənardan alınan silahların şübhəli keyfiyyəti və səmərəsizliyi...”.