“Azərbaycan Ermənistanı ikitərəfli danışıqlara məcbur etdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə, Azərbaycanla Ermənistanın yaydığı son birgə bəyanat sülh prosesi üçün müsbət gəlişmədir:
“Azərbaycanla Ermənistanın yola vasitəçilər olmadan davam etməsi və bu çərçivədə əldə edilən razılaşmaların yerinə yetirilməsi, sülh müqaviləsi ilə bağlı da ikitərəfli danışıqlara zəmin yaradır. ABŞ və Avropa Birliyinin təzyiq və təhdidlərinə baxmayaraq, Azərbaycan prinsipial mövqeyindən güzəştə getmədi, geri çəkilmədi. Əksinə, Bakı mövqeyini daha da gücləndirdi. ABŞ Azərbaycanın mövqeyinin dəyişmədiyini və dəyişməyəcəyini gördükdən sonra Ermənistanın ikitərəfli danışıqlara getməsini dəstəklədi.
Vaşinqton və Brüsselin hesabına görə, təzyiqlərin hansısa mərhələsində Bakı geri addım atacaqdı. Bu olmadıqca təzyiqlər bir az da artırıldı, nəticədə gərginlik açıq müstəviyə keçdi. ABŞ anladı ki, Azərbaycanı itirsə, Cənubi Qafqazdakı geosiyasi mövqelərini də itirəcək, buna görə dayandı.
ABŞ-ın itirmək üzrə olduğu nüfuzunu bərpa etmək üçün Ermənistanı ikitərəfli danışıqlar üçün təlimatlandırdığı istisna deyil. Amerikalı diplomat Ceyms Obraynın Bakıya səfərinin gərginliyin azalmasında, eləcə də Ermənistanın sülhə yaxınlaşmağa başlamasında rolunun olduğunu düşünürəm. İstisna etmirəm ki, Obraynın səfərində ABŞ-ın Azərbaycana təzyiq siyasətindən əl çəkməsi ilə bağlı anlaşma olub.
Azərbaycan xoşməramlı və humanitar prinsipləri rəhbər tutaraq, sülh işini yekunlaşdırmaq üçün bu razılaşmaya getdi. Ən əsası, Ermənistan Azərbaycanın tələbi əsasında ikitərəfli danışıqlara məcbur oldu. Bu, Bakının İrəvan üzərində növbəti diplomatik üstünlüyü və qələbəsidir”.