20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycanın Niderland Krallığındakı səfirliyində “20 Yanvar – tarixin qanlı səhifəsi” adlı fotosərgi təşkil olunub.
Səfirlikdən Trend-ə verilən məlumata görə, faciədən bəhs edən fotoşəkillər Niderland ictimaiyyətinin diqqətinə təqdim olunub.
Bununla yanaşı, səfirlikdə faciə ilə bağlı anım mərasimi təşkil olunub. Mərasimi giriş sözü ilə açan səfir Mir-Həmzə Əfəndiyev xalqımızın müstəqillik mübarizəsi tarixinə həkk olunmuş 20 Yanvar faciəsindən bəhs edərək, həmin tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günü olduğunu bildirib.
Həmçinin, Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin 1990-cı il 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanatı, eləcə də səfirliyin hazırladığı press-reliz Niderlandda fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları, eləcə də aidiyyəti təsisatlara göndərilib. Daha sonra toplantı iştirakçıları faciə ilə bağlı xatirələrini böüşüb, 20 yanvarla bağlı sənədli film nümayiş etdirilib.
Tədbirdə Niderland ictimaiyyətinin təmsilçiləri tərəfindən təsis edilmiş Niderland-Azərbaycan Əməkdaşlıq Platformasının, Ana Vətən Niderland Azərbaycanlı Qadınlar Birliyinin, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin və digər diaspor təşkilatlarının təmsilçiləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.