Ermənistanın qərbyönlü siyasətini dərinləşdirməsi Rusiya və İranı narahat edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşrin iddiasına görə, İran Prezidenti İbrahim Rəisi dekabrın 7-də Moskva səfərində bu məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib.
“Rusiyanın media-ekspert sektorunda Cənubi Qafqazla bağlı müzakirələrə və bu kontekstdə Ermənistanın qərbyönlü siyasətinə xüsusi diqqət yetirilir. Ümumi yanaşmaya görə, Tehran və Moskva Qərbin Cənubi Qafqazda yerləşməsində maraqlı deyil. Üstəlik, bu kontekstdə Azərbaycan ümumi tərəfdaş, Ermənistan isə problemli reallıq kimi qəbul olunur. Xüsusilə Ermənistan-Fransa müdafiə əlaqələrinin və əməkdaşlığının dərinləşməsi, o cümlədən Parisin İrəvana silah tədarükü Rusiya və İranı narahat edir.
İran Ermənistan üçün yaxşı qonşu və etibarlı tərəfdaş olmaqda davam edir, amma Rusiya mətbuatında yayılan fikrə görə, İrəvanın qərbyönlü mövqe tutması Tehranda da şübhə yaradıb”, - nəşr qeyd edir.
“Hraparak”ın fikrincə, Ermənistanın qərbyönlü mövqeyini dərinləşdirməsi İranla Azərbaycanı yaxınlaşdıra bilər.