14 Dekabr 2023 11:48
2 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyəti artıq Moskvanın vasitəçiliyini qəbul etməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sülh danışıqlarını vasitəçilər olmadan davam etdirməlidir:

“Ermənistan hökumətinin xüsusi səfiri Edmon Marukyan bildirib ki, 10 üçtərəfli bəyanatda qeyd olunan bütün şərtlər artıq etibarlı deyil. Bunu son günlər digər erməni rəsmilər də söyləyirlər. Birincisi, bu, o deməkdir ki, Ermənistan hakimiyyəti 10 noyabr bəyanatından imtina edir. Bəyanatın bizim üçün də mənası qalmayıb, çünki məlum sənəd imzalananda Laçın dəhlizi və Qarabağın bir hissəsi hələ Azərbaycanın nəzarətində deyildi. Azərbaycan sonrakı mərhələdə bu məsələləri həll etdi. Yəni 10 noyabr bəyanatı Azərbaycan üçün də mənasını itirib.

Təkcə bəyanata görə Rusiya hərbi kontingentinin Qarabağda missiyasını davam etdirməsi bəndi qalıb ki, bunu da Bakı Moskva ilə danışıqlar əsasında həll edəcək.

İrəvanın 10 noyabr bəyanatından imtinasının başqa mənası da var. Ermənistan hakimiyyəti artıq Moskvanın vasitəçiliyini qəbul etməyəcək. Bu, Azərbaycanın maraqlarıyla da uzlaşır. Önəmli olan vasitəçisiz birbaşa danışıqları intensivləşdirmək və yeni razılaşmalar əldə etməkdir. Bunun üçün Rusiya və ya digər ölkənin vasitəçiliyinə ehtiyac yoxdur”.

Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı son açıqlamasına da diqqət çəkib:

“Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını “çox real” adlandırıb. Paşinyan bu sözləri dənizə çıxışı olmayan ölkələrin nazirlər iclasının açılış mərasimində vurğulayıb. Dənizə çıxışı olmayan Ermənistan üçün Azərbaycanla sülh sazişinin əhəmiyyəti artıb. Birincisi, sülh sazişi imzalanarsa, Ermənistan Azərbaycan üzərindən Xəzər dənizinə və buradan Mərkəzi Asiya və Çinə çıxış imkanı əldə edəcək. İkincisi, Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması İrəvanın Türkiyə ilə də münasibətlərinin və sərhədlərinin açılmasına imkan verəcək ki, Ermənistan Aralıq dənizinə çıxış imkanı qazanacaq.

“30 ildən artıqdır Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır”, – deyən Paşinyan bununla nəqliyyat kommunikasiyalarının açılmasına marağını ortaya qoyub. Ancaq bunun üçün Paşinyan rəsmi Bakının Zəngəzur dəhlizi təklifini qəbul etməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər