“Avropa Birliyi (AB) istəsəydi, Gürcüstanı çoxdan üzv etmişdi, amma bunu istəmir”.
Teleqraf.com xəbər verir ki, bunu gürcü politoloq Gela Vaşadze deyib.
Ekspert Gürcüstana AB üzvlüyü üçün namizəd statusunun verilməsi haqda bunları söyləyib:
“Namizəd statusu AB-yə üzvlükdən ötrü zəruri olan Avropa standartlarının tətbiqi üçün sadəcə texniki imkandır. Əlbəttə, bunu qələbə kimi qiymətləndirmək olar. Amma böyük ehtimalla bu, AB-nin Cənubi Qafqazda mövcud olmaq istəyi ilə bağlıdır”.
Vaşadze Gürcüstan, Moldova və Ukraynanın AB-yə inteqrasiya yolunda birlikdə hərəkət etdiyini bildirib:
“Avrointeqrasiya yolunda birlikdə getdik, bəziləri irəlilədi, bəziləri geridə qaldı. Uzun müddət Gürcüstan o yolda lider idi, məsələn, Gürcüstan Ukraynadan əvvəl vizasız rejim alıb. Amma hakimiyyətimizin “uzaqgörən siyasət”i sayəsində, autsayder olduq. İndi hər şey iki amildən asılıdır: daxili-xarici faktor və Ukraynadakı müharibənin gedişi. Sonuncu amil bütün postsovet ölkələri üçün həlledici əhəmiyyət kəsb edir”.
Politoloq üzvlük prosesinin nə qədər vaxt aparacağına da toxunub:
“Bu, yenə də bir çox xarici və daxili amillərdən asılıdır. Amma mənim fikrimcə, əgər Brüsselə ehtiyac olarsa, hər üçü artıq gələn il AB üzvü ola bilər. Brüsselin buna ehtiyacı ola bilərmi? Hələlik belə bir ehtiyac gözə dəymir, amma keçən ilə qədər hər üç ölkənin namizəd statusu almaq perspektivləri çox zəif idi. Bəs sonra nə oldu? Nəticəsini bu gün görürük”.