23 Dekabr 2023 09:50
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dəhlizlərin açılması ilə bağlı mövqeyi aydın və konkretdir. Bunu 2020-ci il 10 noyabrda atəşkəslə bağlı razılaşma imzalanandan bu günə qədər hər zaman bildiririk. Mövqeyimizi aydın şəkildə də ifadə edirik.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, Ermənistan proseslə bağlı çox ciddi manipulyasiyalar edir:

“Ermənistan yalnız dəhlizlərin, nəqliyyat-kommunikasiya qovşaqlarının açılmasına əngəllər törətmir, eyni zamanda bu proseslə manipulyasiya edərək, qeyri-konstruktiv mövqe sərgiləyir. İbrahim Rəisi ilə Nikol Paşinyanın görüşü oldu, 3+3 formatı ilə bağlı müzakirələr aparıldı. Ermənistan sözün həqiqi mənasında üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Bununla yanaşı razılaşmanı pozmaqla məşğuldur. Bu mənada rəsmi İrəvanın hazırkı açıqlamalarının nə dərəcədə səmimi olması şübhələr yaradır. Düşünürəm ki, Ermənistan etibarsızlıq sindromunu dağıtmaq üçün bəyanat və açıqlamalarla deyil, ən azından öz əməli addımları ilə bunu sübut etməlidir”.

Vüqar Zifəroğlu bildirib ki, marağımızda olan məqam kommunikasiyanın açılmasıdır:

“Biz istəyirik ki, Naxçıvanla əlaqələrimiz bərpa olunsun. Bu eyni zamanda böyük bir nəqliyyat-kommunikasiyanın vacib elementidir. Zəngəzur dəhlizi yalnız Azərbaycanı Naxçıvanla birləşdirən quru yol deyil. Bu, bütövlükdə regionun inkişafına təkan verəcək dəhlizdir. Rusiyanın Ermənistana ciddi təsir imkanları var. Bu, əsasən iqtisadi baxımdan Ermənistanın faktiki olaraq Rusiyadan asılı olması ilə bağlıdır. Qərbin indiyədək postsovet məkanında dəstəklədiyi müttəfiqlərinin hansı vəziyyətlə üzləşdiyini görmüşük. Proses hansı formada gedəcəyini yaxın gələcəkdə görəcəyik”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər