Qarabağda yaradılmış separatçı qurum qeyri-qanuni olduğundan hansısa fəaliyyəti qanunsuzdur. Həmçinin onun adından imzalanan sənədlər də qeyri-qanunidir. Zamanında həmin qurumun yaradılması ilə bağlı SSRİ, həmçinin Azərbaycan Milli Məclisinin müvafiq qərarları var.
Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, bu qurumun özünün yaradılması tamamilə qeyri-legitimdir:
“Şahramanyanın 28 sentyabr imzaladığı “fərman” heç bir hüquqi məna daşımasa da sadəcə müəyyən psixoloji mənəvi tərəfləri var idi. Şahramanyan o zaman bu sənədi, reallıqları qəbul edərək imzaladı. Bir müddət sonra İrəvanda müəyyən təsirlərin altında, o cümlədən, bir sıra dövlətlərin tapşırığı və təlimatı əsasında belə bir sənəd imzalayır. O sənədin Qarabağla, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı böyük ölçüdə hansısa təsirin olacağını düşünmürəm. Belə sənədin imzalanması vəziyyəti gərginləşdirməyə xidmət edir. Daha çox Ermənistan daxili, siyasi prosesləri üçün bu qərar alınıb. Yəni “Qarabağ klanı” və revanşist qüvvələr bundan istifadə edərək prosesi gərginləşdirməyə çalışacaqlar. Digər tərəfdən düşünürəm ki, belə sənədin imzalanmasında Rusiyanın da müəyyən maraqları var”.
Ermənistan hakimiyyət dairələri, parlament sədri, müxtəlif deputatlar və Paşinyanın partiyasının önəmli simalarının açıqlamaları onu göstərir ki, bu məsələdə onların çox da maraqlı olmadığını göstərir.
Politoloq bildirib ki, Paşinyan ola bilsin bu məsələdən hansısa formada istifadə etməyə çalışa bilər:
“Ancaq bütün hallarda bu proses Ermənistanda Paşinyana heç də rahat durum yaratmır. Məlumat yayılandan sonra, Paşinyanın partiyasından olan bəzi deputatlar açıq şəkildə etiraz etdilər. Bildirdilər ki, Ermənistanda bir hökumət var. Yalnız hakimiyyətin imzaladığı sənədlər keçərlidir. Daha da irəli gedərək bildirdilər ki, əgər qeyd olunan qondarma qurum mövcuddursa, o halda Ermənistan banklarına olan borcları öz üzərilərinə götürməlidirlər. Alen Simonyanın açıqlamasında bu məsələlərə açıq münasibət bildirib. O qeyd edib ki, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü Qarabağ daxil olmaqla tanıyıb. Bu fikirlər bir neçə dəfə təkrar olunub. İrəvan belə duruma imkan verərsə, orada hansısa qondarma qurum adından kimlərsə fəaliyyət göstərərsə, Ermənistan çox gözəl bilir ki, bu Azərbaycanla münasibətlərə ciddi şəkildə neqativ təsir göstərəcək”.