Sülh sazişinin son variantının Azərbaycan tərəfindən Ermənistana təqdim olunmasını onlara verilən son şans da hesab etmək olar. Paşinyan hökuməti bunu dəyərləndirməli və qərar qəbul etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru, siyasi şərhçi Rəfail Becanov deyib.
Onun sözlərinə görə, Ermənistan bu sazişi qəbul etməklə beynəlxalq kommunikasiyalardan kənarda qalmaya bilər:
“Zəngəzur dəhlizi Ermənistan üçün yeni açılım deməkdir. Ermənistan bununla mövcud işlək iki yoldan əlavə kommunikasiyaya sahib olacaq, bu da nəqliyyat-logistika və iqtisadi inkişaf baxıımından onlara əlavə imkanlar qazandıracaq.
Reallıq budur ki, sülh sazişi Azərbaycandan çox Ermənistana gərəkdir. İndi nəinki ötən əsrin 90-cı illəri, heç 2020-ci ilin noyabrı, dekabrı da deyil. Bu gün Ermənistanın diktə, nəyəsə etiraz etmək və ya mövcud reallıqları dəyişdirmək imkanları sıfırın altındadır. Azərbaycan bütün ərazilərini tamamilə erməni işğalından azad edib, öz yurisdiksiyasına qaytarıb. Naxçıvanla quru əlaqələri qalır ki, o da Zəngəzur dəhlizi ilə bağlı məsələdə kompromis olmasa, alternativ formada təmin ediləcək”.
Rəfail Becanov hesab edir ki, alternativ variantla Naxçıvanla quru əlaqəsi təmin edildikdən sonra Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq versə belə, bu, gecikmiş addım sayılacaq:
“Yəni mövcud kommunikasiyalarda Ermənistanın iştirakına razılıqla bağlı Azərbaycan tərəfinin şərtlərinin dəyişmə ehtimalı böyükdür. Onda indiki şərtlərin olmayacağını proqnozlaşdırmaq elə də çətin deyil. Ermənistan tərəfi mövcud və gələcək situasiyanı indidən düşünməli, təqdim olunan sülh sazişini Azərbaycanın ona son şansı kimi dəyərləndirməlidir: ya indi, ya da gələcəkdə başqa şərtlərlə üzləşmək”.