9 Yanvar 01:03
1 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ tərəfindən dini müstəvidə Azərbaycana səsləndirilən ittihamlar absurddur və siyasi təzyiq xarakterlidir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və Dövlət Departamenti tərəfindən ölkəmizin “xüsusi izləmə siyahısı”na daxil olan ölkələrin sırasına salması dünyada tolerantlıq nümunəsi kimi qəbul edilən Azərbaycana qarşı qərəzin ifadəsidir. Azərbaycan müsəlmanlar, xiristianlar, yəhudilər və digər dinlərin nümayəndələrinin azad və öz dəyərləri ilə yaşayan ən tolerant ölkədir. Bunu həmin iftiranı atan ABŞ-də də bilirlər. Amma maraqları və hədəfləri Amerikanı ölkəmizi şərləməyə vadar edir. Azərbaycanda din sahəsində ciddi problemlər yoxdur”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, ABŞ öz hədəfləri çərçivəsində “terror dövləti” adlandırdığı İranın Azərbaycana qarşı fəaliyyətində maraqlıdır:

“Maraqlıdır ki, ABŞ bu qondarma ittihamları səsləndirərkən həm də uzun illər mübarizə apardığını iddia etdiyi İranın teokratik rejiminə bağlı casus şəbəkəsinin müdafiəçisi qismində çıxış edir. İran artıq ifşa edilən bu radikal şəbəkəni uzun illər ərzində formalaşdırmışdı. Azərbaycan bu şəbəkəni ifşa etdi və zərərsizləşdirdi.

Söhbət təkcə İrana bağlı şəbəkədən yox, həmçinin xaricdən idarə olunan digər radikal və terrorçu şəbəkələrdən gedir. Bu, ölkəmizin milli təhlükəsizliyindən irəli gəlir. İndi görünən budur ki, ABŞ molla rejiminin agentura şəbəkəsinin, eləcə də “Hüseyniyyun” adlı terrorçu qruplaşmanın Azərbaycana qarşı fəaliyyətindən razıdır.

ABŞ vaxtilə işinə gəlmədiyi üçün İran ordusunu – SEPAH-ı terror təşkilatı kimi tanımışdı, hətta Avropa Birliyinə bununla bağlı çağırış da edib. Vaşinqtonun Tehranda sanksiya tətbiq etmədiyi adam qalmayıb. Görünən budur ki, iş bizə gələndə ABŞ özünün bəyan etdiyi “terrorçular”la da işbirliyinə gedə, onun müdafiəçisinə çevrilə bilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər