9 Yanvar 15:46
2 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qərb vilayətlərini Naxçıvanla birləşdirəcək və Zəngəzur dəhlizindən keçəcək quru və dəmir yollarının tikintisini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi yazır.

Agentlik xatırladır ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyannamə (10 noyabr) ilə Naxçıvana avtomobil və dəmir yolunun açılması barədə razılıq əldə olunub:

“Müharibədən sonra Azərbaycan dərhal öz ərazisindən Ermənistan sərhədinə qədər uzanan avtomobil və dəmir yollarının tikintisinə başladı. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir və avtomobil yolu işləri sürətlə davam etsə də, Ermənistan hələ də bununla bağlı heç bir addım atmayıb.

Ermənistanla olmasa da alternativ yollar üzərində işləyən Azərbaycan ölkəni İran üzərindən Naxçıvana birləşdirəcək avtomobil və dəmir yollarının çəkilişi ilə bağlı Tehranla razılığa gəlib. İki ölkə arasında imzalanmış müqaviləyə uyğun olaraq, Araz çayı üzərində avtomobil və dəmir yolu körpüləri tikiləcək, İran üzərindən Naxçıvana daşınmalar təmin ediləcək. Ermənistanla razılıq əldə olunarsa, Azərbaycanın həm bu ölkə, həm də İran vasitəsilə Naxçıvana iki nəqliyyat alternativi olacaq.

“Andolu” agentliyi Zəngəzur dəhlizinə qədər uzanan Azərbaycan ərazisində çəkilən avtomobil və dəmir yolu şəbəkəsində aparılan işlərlə tanış olub. Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ötən günlərdə Türkiyə, Azərbaycan və İran tərəfindən bu yöndə işlərin görüldüyünü açıqlamışdı.

Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Füzuli rayonunun Horadiz qəsəbəsindən Ermənistanla sərhədə kimi, Zəngilan rayonunun Ağbənd kəndinə qədər uzanan Horadiz-Ağbənd xəttinin tikintisini həyata keçirir. Xəttin tikintisində türk şirkətləri də fəal iştirak edir.

110.4 kilometrlik xətdə 9 stansiya və körpülər, avtomobil keçidləri, tunellər və drenaj boruları kimi təxminən 500 tikili var. Horadiz-Ağbənd xəttində layihənin 82 faizi, tikinti işlərinin 45 faizi yerinə yetirilib, 69.7 kilometr uzunluğunda relslər çəkilib. Xəttin hər iki hissəsində 30 metr ərazi minalardan təmizlənib.

İşğal dövründə ermənilərin yerləşdirdiyi minalar və çətin relyef şəraiti səbəbindən tikintisində müəyyən çətinliklər yaradan xəttin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Azərbaycanda dəmir yolu ilə paralel olaraq, Horadizdən Ağbəndə qədər 123.5 kilometr uzunluğunda yeni avtomobil yolu tikilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin koordinasiyası ilə aparılan tikinti işlərini türk şirkətləri həyata keçirir. Bəzi hissələrdə 4, digərlərində 6 hərəkət zolağı olan avtomobil yolunda 58 yeraltı keçid, 27 körpü və 3 tunel var. “Anadolu”nun əldə etdiyi məlumata görə, magistralın 80 faizdən çoxu tamamlanıb”.

Agentlik qeyd edir ki, işğal dövründə ermənilər tərəfindən dağıdıldığı üçün Horadizdən Ordubada qədər uzanan 166 kilometrlik yeni dəmir yolu xətti çəkiləcək:

“Xəttin Ermənistana məxsus hissəsindən Zəngəzurdan keçəcək 43 kilometrlik hissəsinin tikintisinə iki ölkə arasında yekun razılaşmadan sonra başlanılacaq.

Naxçıvanın şimalında - Türkiyə, Ermənistan və İrana yaxın ərazidə yerləşən Ordubaddan Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq.

Türkiyə və Azərbaycanın Qarsı Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsi də var. Tenderə çıxarılan layihə üzrə işlərə il ərzində başlanacaq.

Bütün bu layihələr reallaşdıqda Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsi təmin ediləcək. Eyni zamanda, Azərbaycan üzərindən Türkiyə ilə Rusiya arasında fasiləsiz quru və dəmir yolu əlaqəsi təmin ediləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər