Qarabağdan gedən separatçılar Ermənistanda “komitə” yaradıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan məlumat verib.
Sabiq nazir “komitə”ni özünün idarə edəcəyini açıqlayıb.
“Komitə üzvlərinin fəaliyyətini koordinasiya etmək tövsiyəsi ilə razılaşdım. Yaxın vaxtlarda komitənin tərkibi tamamlandıqdan sonra digər üzvlərin adları, eləcə də görüləcək işlərlə bağlı təfərrüatlar açıqlanacaq”, - Oskanyan bildirib.
Onun sözlərinə görə, separatçı qurumun əsas məqsədi Qarabağ ermənilərinin “beynəlxalq təminat”larla qayıtmasını təmin etməkdir.
Vardan Oskanyan həm də Azərbaycana qarşı separatçı iddianı əks etdirən “beynəlxalq komissiya”nın yaradılması ideyasının da müəllifidir. Ermənistan parlamentinin “Hayastan” və “Şərəfim Var” kimi separatçı-revanşist fraksiyalarının (“Qarabağ klanı”) deputatları məsələni onunla müzakirə edirlər. Məqsədləri qondarma iddialarını beynəlxalq platformalara daşımaqdır. Separatçılar “komissiya”ya xarici ekspertləri də daxil etməyi planlaşdırırlar.