Gözləməyə dəyməz, Avropa Birliyi (AB) Azərbaycana sanksiya tətbiq etməyəcək, çünki Ermənistanla müqayisədə onun üçün vacib tərəfdaşdır.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Vigen Akopyan deyib.
“Praktik baxımdan AB-nin Ermənistana dəstək açıqlamalarının heç bir mənası yoxdur. Siyasi bəyanatlar səviyyəsində hansısa dəstək sözləri deyirlər, erməni ictimaiyyətinin qulaqlarını oxşamağa çalışırlar, Ermənistanın tərəfində olduqlarını göstərməyə çalışırlar, amma həmin AB rəsmiləri Azərbaycana heç bir sanksiya tətbiq olunmayacağını da bildirirlər. Çünki Azərbaycan onlar üçün ən vacib tərəfdaşdır, xüsusən də sözdə deyilənlərdən qat-qat vacib olan enerji sahəsində. Anlamalıyıq ki, geosiyasət və real siyasət həmişə konkret maraqlar üzərində qurulur, bu, bəlkə də bütün güc və geosiyasi mərkəzlərin iş tərzidir. Yəni bizim üçün deyilənlər adi sözlərdir, altında heç nə yoxdur”, - ekspert bildirib.
Akopyan qeyd edib ki, bugünkü siyasətdə köhnə dünya düzəninin dağılmasından sonra əsasən gücə önəm verilir:
“Bəli, Azərbaycanı tənqid edirlər, sonra da deyirlər: bizi anlayın, bizim üçün vacib olan odur ki, Azərbaycan alternativ yollarla bizə alternativ enerji daşıyıcıları gətirə bilir. Heç bir sanksiya tətbiq etməyəcəklər, çünki onlara qaz-neft lazımdır, oturduqları budağı budaya bilmirlər”.
Erməni ekspert hesab edir ki, AB-nin Azərbaycana qarşı təsir-təzyiq imkanları olduqca məhduddur:
“Nə qədər qəribə səslənsə də, həqiqətən çox şey edə bilmirlər. Bacardıqlarını etdiklərini də deyə bilmərəm, amma xüsusi maraqları var. Açıq şəkildə qeyd etmək lazımdır ki, onların alətləri o qədər də böyük deyil. Bu gün AB-nin özünə kömək etmək lazımdır. Avropa Ukrayna ilə bağlı ciddi böhran vəziyyətindədir.
Bu gün yeni dünya düzəninin necə olacağına kimin qərar verməli olduğu müzakirə olunur, deyirik ki, ABŞ, Çin və Rusiya qərar verəcək. Yəni bu gün heç kim Avropa amilini ciddi qəbul etmir. Avropanın böyük hissəsi Ukrayna müharibəsindən əziyyət çəkir. İlk növbədə Avropanın mühərriki olan ölkələr, məsələn, Almaniya və sair”.
Akopyanın fikrincə, daha böyük güclər qlobal geosiyasi rəqabətdə Avropanı mübarizədən kənarlaşdırıb:
“Avropa Birliyi yeni dünya düzəninin formalaşması prosesindən kənarlaşdırılıb, ən azı, faktiki olaraq ilk üçlük və ya dördlükdə yoxdur”.