23 Yanvar 11:18
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş separatçı rejimin “dövlət naziri” Artur Arutyunyan Almaniyaya gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Baş separatçı Samvel Şahramanyanın “qərar”ı ilə Artur Arutyunyan bu yaxınlarda “dövlət naziri vəzifəsi”ndən azad edilib, onun yerinə Aram Sərkisyan keçib.

Nəşrin iddiasına görə, separatçıların keçmiş başçısı, hazırda Azərbaycanda həbsdə olan Araik Arutyunyanın əmisi oğlu Artur Arutyunyan çoxdandır “vəzifə”sindən yaxa qurtarmaq istəyirdi. O, ötən ilin sentyabrında “təyin” edilmişdi.

“Arutyunyan xaricə, konkret olaraq Almaniyaya köçmək niyyətində idi. Məlumata görə, ailəsi Ermənistana köçdükdən sonra getmək qərarı verib. Amma Ermənistan hakimiyyətinin tələbi ilə işdən çıxarılması gecikdirilib. Bildirilir ki, hakimiyyət Artur Arutyunyan vasitəsilə müəyyən siyasi proseslərin qarşısını ala bilib.

Artur Arutyunyan yeganə şəxs idi ki, Ermənistanın hakimiyyət orqanları ilə, xüsusən də baş nazirin müavini Tiqran Xaçaturyanla rəsmi əlaqə saxlayıb”, - məlumatda deyilir.

“Hraparak”ın yazdığına görə, Ermənistan hakimiyyətinin separatçıları nəzarətdə saxlamaq üçün istifadə etdiyi şəxslərdən biri Artur olub.

Separatçı rejimin Azərbaycan ərazisindəki varlığına ötən il sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra son qoyulub. Bundan sonra “rejim” özünü buraxıb, qalan tör-töküntüləri hazırda Ermənistanda fəaliyyətlərini davam etdirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər