Qazaxıstanla Ermənistan arasında hərbi və müdafiə sektorunda əməkdaşlıq sənədi imzalanıb. İki ölkənin hərbi əməkdaşlığını inkişaf etdirmək üçün bu istiqamətdə potensialın olduğu bildirilib.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert müvafiq anlaşmanın Ermənistan müdafiə naziri Suren Papikyanın Qazaxıstana səfəri çərçivəsində imzalandığın xatırladıb:
“Qazaxıstan və Ermənistan KTMT çərçivəsində müttəfiqdir. Buna baxmayaraq, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev və indiki Prezident Kasım-Jomart Tokayev Qarabağ məsələsində Azərbaycanı daim dəstəkləyib. Hətta Tokayev ərazilərimizin azad edilməsinə görə Azərbaycanı təbrik də edib. Amma Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmadığına görə hələlik Astananın İrəvanla hərbi əməkdaşlığı marağımızda deyil. Hərbi əməkdaşlıq çevrəsini genişləndirməyə çalışan Ermənistan sülhdən yayınır, Azərbaycana qarşı əsassız iddialarını davam etdirir. Belə bir durumda Qazaxıstanın Ermənistanla hərbi əməkdaşlığa getməsi münasibətlərimizdə suallar yarada bilər.
Əlbəttə, Qarabağ münaqişə həll edilib, amma sabitlik və sülhü dayanıqlı edəcək müqavilə hələ imzalanmayıb. Qazaxıstan da münaqişə həll edildiyinə görə Ermənistanla hərbi əməkdaşlıqda problem görməyə bilər. Amma Ermənistanın sülhdənyayınma siyasəti regionda situasiyanı hər an dəyişə bilər. Yerdəki durumu Astanaya çatdırmağa ehtiyac var.
Qazaxıstan və Azərbaycan Türk Dövlətləri Təşkilatı və ikitərəfli qaydada sıx əməkdaşlıq edir. Hər iki ölkə türk birliyinin siyasi-iqtisadi və hərbi ittifaq modelinə çevrilməsində maraqlıdır”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Türk Dövlətləri Təşkilatının inkişafında maraqlı olduğunu bildirən Qazaxıstanın Ermənistanla hərbi əməkdaşlığına ehtiyacı olmamalıdır:
“Maraqlı məqam isə budur ki, Ermənistan Azərbaycanın müttəfiqləri və strateji tərəfdaşları ilə əlaqələrini inkişaf etdirməyə çalışır. Bura Qazaxıstanla yanaşı, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Birləşmir Ərəb Əmirlikləri və Macarıstan da daxildir. Türkiyəyə gəlincə, qardaş ölkə sülh müqaviləsi imzalananadək Ermənistanla sərhədləri açmayacağını bəyan edib. Bu, Türkiyənin prinsipial mövqeyidir. Ermənistan çox cəhdlər etsə də, hələlik Türkiyədən müsbət cavab ala bilmir. Ankara İrəvandan şərtlərinin yerinə yetirilməsini gözləyir.
Başqa sözlə, sülh müqaviləsi bağalanmadığına görə, diplomatik nəzakətlə Ermənistanla hərbi əməkdaşlığın riskləri barədə Qazaxıstan məlumatlandırılmalıdır. Azərbaycan və Qazaxıstan türk birliyi modelinə üstünlük verirsə, müttəfiqlik yolunda irəliləyirlərsə, Ermənistanla hərbi əməkdaşlığa ehtiyac yoxdur. Bundan Qazaxıstan yox, Ermənistan qazanır. Ermənistanın Qazaxıstana verəcəyi heç nəyi yoxdur, Qazaxıstanın isə var”.